Bakıdan Hindistandakı etnik azlıqlara dəstək...
Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı həyata keçirdiyi siyasətin tarixi və müasir aspektlərinin müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, tədqiqatçılar, hüquq müdafiəçiləri və ictimai xadimlər iştirak edirlər.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində 1984-cü ildə Amritsarda baş vermiş hadisələrin siyasi və humanitar nəticələri, etnik və dini azlıqların hüquqlarının qorunması məsələləri, eləcə də transmilli repressiya iddiaları ətrafında geniş müzakirələr aparılır. Tədbirin məqsədi tarixi hadisələrə beynəlxalq hüquq və insan hüquqları prizmasından yanaşmaq, mövcud çağırışlara diqqət çəkməkdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif regionlarında insan hüquqlarının kobud şəkildə pozulması hallarını diqqət mərkəzində saxlayır, onları beynəlxalq ictimaiyyətə çatdırır və bu kimi hallara qarşı mübarizə aparır. Məlumdur ki, Karib adalarında, eləcə də Hindistanda bəzi etnik və milli azlıqlara qarşı ayrı-seçkilik və repressiv xarakter daşıyan addımlar atılıb. Bakı Təşəbbüs Qrupu da məhz bu cür halların işıqlandırılması istiqamətində fəal fəaliyyət göstərir ki, bu da insan hüquqlarının müdafiəsinə yönəlmiş ədalətli və vacib bir mübarizədir".
Politoloq Zeynal Əmrəliyev isə bu hadisənin Hindistan tarixinin ən utancverici səhifələrindən biri olduğunu BTQ-nin bu addımının çox haqlı olduğunu bildirib:

"1984-cü ilin iyununda Pəncab ştatının Amritsar şəhərində yerləşən Sikhlərin müqəddəs dini məbədi olan Qızıl Məbəddə baş verən hadisələr Sikh icmasına qarşı həyata keçirilmiş sərt və repressiv siyasətin nümunəsi kimi qiymətləndirilir. Həmin əməliyyat zamanı çox sayda insan, o cümlədən zəvvarlar və məbədi ziyarət edən mülki şəxslər həyatını itirib. Bu hadisə dövrün Hindistan hakimiyyətinin mahiyyətini ortaya qoyan ən ciddi nümunələrdən biri hesab olunur.
Sikh icmasına və digər etnik-dini qruplara qarşı həyata keçirilən repressiv siyasət bu gün də ciddi tənqid olunur. Eyni zamanda, rəsmi Dehlinin regionda yürütməyə çalışdığı siyasət, xüsusilə Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe və Ermənistana verdiyi dəstək Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlarla uzlaşmır. Bu baxımdan Hindistan rəhbərliyinin, xüsusilə Baş nazir Narendra Modinin apardığı siyasət regionda balanslı yanaşmadan uzaq hesab olunur və Dehlinin Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə səbəb olub.
Hazırda Hindistan Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar fonunda bir sıra regional proseslərdən kənarda qalır. Narendra Modinin rəhbərliyi dövründə həyata keçirilən siyasətin region baxımından gözlənilən nəticələri vermədiyi müşahidə olunur. Bu mənada Bakıda təşkil olunan beynəlxalq konfrans da Azərbaycanın insan hüquqları, milli azlıqların müdafiəsi və etnik ayrı-seçkiliyə qarşı mübarizə istiqamətində həyata keçirdiyi siyasətlə üst-üstə düşür".
O, bildirib ki, sovet imperiyasının dağılması dövründə və sonrakı illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb: "Nəticədə onlar qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ata-baba torpaqlarını tərk etməyə məcbur olublar. Bu gün Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsi də beynəlxalq gündəmdə diqqət mərkəzində saxlanılmalıdır. Çünki onlar da etnik ayrı-seçkilik və repressiv siyasətin qurbanları olublar.
Ümumilikdə, Azərbaycan bu məsələlərə yalnız öz milli maraqları prizmasından yanaşmır. Rəsmi Bakı dünyanın müxtəlif bölgələrində etnik, dini və siyasi təqiblərə məruz qalan xalqların və icmaların hüquqlarının müdafiəsinə dəstək göstərir, onların problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu baxımdan insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə və tarixi ədalətin bərpası Azərbaycanın xarici siyasətində mühüm yer tutur".
Elmir Heydərli
10:28 04.06.2026
Oxunuş sayı: 67