Yeni maliyyə platforması - ŞƏT Bankı Azərbaycana nə qazandıra bilər?
Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəaliyyət göstərən İnkişaf Bankına üzvlük təklifinin edilməsi ölkənin beynəlxalq iqtisadi inteqrasiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu təşəbbüs təkcə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi deyil, eyni zamanda Azərbaycanın regional layihələrdə rolunun güclənməsi, investisiya mühitinin daha da cəlbedici hala gəlməsi baxımından diqqət çəkir.
Qlobal iqtisadi dəyişikliklər fonunda belə bir əməkdaşlıq platformasına qoşulmaq ölkə üçün həm yeni imkanlar, həm də strateji üstünlüklər vəd edir.
Mövzu ilə bağlı iqtisad elmləri doktoru, dosent, ETN İqtisadiyyat İnstitutunun baş direktorun xüsusi tədqiqat layihələri üzrə müavini Allahyar Muradov Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanın ŞƏT İnkişaf Bankına mümkün üzvlüyü iqtisadi baxımdan maraqlı və perspektivli addım ola bilər. Çünki Çin artıq Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib.
Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə Çin Azərbaycanın əsas idxal tərəfdaşı olub və iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artmaqdadır. Təkcə 2024-cü ildə Çindən idxalın həcmi 3,7 milyard ABŞ dollarına çatıb.
Digər tərəfdən, Çinin dünya iqtisadiyyatındakı mövqeyi son illərdə ciddi şəkildə güclənib. Dünya Bankı məlumatlarına görə, Çin dünya ÜDM-ində payını 2000-ci ildə təxminən 3,6 faizdən 2024-cü ildə 17 faizdən yuxarı səviyyəyə qədər artırıb.
Eyni zamanda, Çin artıq dünya sənaye istehsalının təxminən 30 faizini formalaşdırır və bir çox sahələrdə qlobal liderə çevrilib. Xüsusilə, süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl enerji, elektromobillər, yüksək texnologiyalı sənaye və logistika sahələrində çox sürətli inkişaf müşahidə olunur.
Bu baxımdan ŞƏT İnkişaf Bankı Azərbaycan üçün yalnız maliyyə mənbəyi deyil, həm də yeni texnologiyalara, iri infrastruktur layihələrinə və regional iqtisadi əməkdaşlığa çıxış imkanları yarada bilər.
Burada Orta Dəhliz və Zəngəzur dəhlizi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq müasir Böyük İpək Yolunun əsas tranzit ölkələrindən birinə çevrilir.
Orta Dəhliz Çinlə Avropanı birləşdirən əsas marşrutlardan biridir, Zəngəzur dəhlizi isə bu xəttin daha qısa və effektiv bağlantılarından biri ola bilər.
Belə layihələrin inkişafı üçün böyük investisiya və maliyyə resursları tələb olunur və ŞƏT İnkişaf Bankı bu baxımdan müəyyən imkanlar aça bilər.
Amma burada əsas məsələ təkcə üzvlük deyil. Əsas məsələ iqtisadi, elmi və texnoloji əməkdaşlıq mexanizmlərinin düzgün qurulmasıdır. Əgər bu əməkdaşlıq milli maraqlara uyğun və səmərəli şəkildə təşkil olunarsa, Azərbaycan üçün həm investisiya imkanlarının genişlənməsi, həm texnologiya transferi, həm də regional iqtisadi mövqeyin güclənməsi baxımından faydalı nəticələr verə bilər”.
Ayhan
14:30 06.05.2026
Oxunuş sayı: 72