Azərbaycanda səhiyyə turizminin perspektivləri və problemləri nələrdir? - MÜSAHİBƏ
Müasir dövrdə səhiyyə turizmi dünya üzrə ən dinamik inkişaf edən sahələrdən biri kimi çıxış edir və bir çox ölkələr üçün həm iqtisadi, həm də sosial baxımdan mühüm gəlir və inkişaf mənbəyinə çevrilib. Qlobal səhiyyə bazarında artan rəqabət fonunda Azərbaycan da bu perspektivli sahədə öz mövqeyini gücləndirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Son illər ölkəmizdə səhiyyə infrastrukturunun yenilənməsi, müasir tibbi texnologiyaların tətbiqi, beynəlxalq standartlara cavab verən tibb müəssisələrinin fəaliyyətə başlaması səhiyyə turizminin inkişafı üçün əlverişli zəmin formalaşdırıb.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, mülayim iqlimi, zəngin təbii müalicə resursları, xüsusilə Naftalan nefti, mineral sular, palçıq müalicəsi mərkəzləri və balneoloji kurortlar səhiyyə turizmi sahəsində ölkəmizin üstünlüklərini artıran əsas amillər sırasındadır. Bununla yanaşı, peşəkar həkim heyəti, münasib xidmət qiymətləri və yüksək tibbi xidmət keyfiyyəti xarici vətəndaşlar üçün Azərbaycanın cəlbediciliyini daha da yüksəldir.
Eyni zamanda, dövlət tərəfindən səhiyyə və turizm sahələrinin inteqrasiyasına xüsusi önəm verilməsi, bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkənin tibbi potensialının tanıdılması səhiyyə turizminin davamlı inkişafına şərait yaradır. Bütün bu amillər Azərbaycanda səhiyyə turizminin təkcə iqtisadi deyil, həm də ölkənin beynəlxalq imicinin formalaşması baxımından strateji əhəmiyyət daşıdığını deməyə əsas verir.
Səhiyyə turizminin Azərbaycanda inkişafı ilə bağlı turizm üzrə ekspert Ceyhun Məmmədov Crossmedia.az-a müsahibə verib:
— Azərbaycanda səhiyyə turizminin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
— Son illərdə ümumi turizm sektorunda müşahidə olunan artım səhiyyə turizmi üçün də mühüm zəmin yaradır. 2024-cü ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 2,6 milyon nəfəri ötüb. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Səhiyyə turizmi üzrə dəqiq və sistemli statistika hələ tam formalaşmasa da, əvvəlki illərin tədqiqatlarına əsasən, ölkəyə gələn turistlərin müəyyən hissəsi sağlamlıq və müalicə məqsədi daşıyıb. Xüsusilə Naftalan kimi müalicəvi istiqamətlərdə yerləşmə göstəricilərinin ümumi turizm statistikasında görünməsi bu sahənin real potensialını göstərir. Qeyd etmək lazımdır ki, səhiyyə turizmi artıq yalnız bazar təşəbbüsü səviyyəsində deyil, dövlət qurumlarının da diqqətində olan istiqamətlərdən biridir. 2024-cü ilin iyun ayında Dövlət Turizm Agentliyi tərəfindən səhiyyə turizmi üzrə ayrıca strategiya üzərində iş aparıldığı açıqlanıb. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında Bakıda səhiyyə turizminə həsr olunmuş beynəlxalq konfrans keçirilib ki, bu da mövzunun institusional səviyyədə gündəmdə olduğunu göstərən mühüm siqnaldır.
— Səhiyyə turizminin inkişafına mane olan əsas problemlər hansılardır?
— Əsas problemləri bir neçə istiqamətdə toplamaq olar: Birincisi, vahid statistika və ölçmə mexanizminin olmamasıdır. Səhiyyə məqsədilə gələn turistlərin sayı, aldıqları xidmətlər, orta xərclər və məmnunluq göstəriciləri sistemli şəkildə ölçülmür. İkincisi, standartlaşma və etibar məsələsidir. Xarici pasiyent üçün tibbi xidmətin keyfiyyəti ilə yanaşı, təhlükəsizlik, şəffaflıq və nəticələrin aydın təqdimatı əsas amildir. Üçüncüsü, xidmət zəncirinin parçalanmasıdır. Müalicə öncəsi məsləhətləşmə, səfər təşkili, yerləşmə, müalicə prosesi və sonrakı tibbi nəzarət vahid mexanizm kimi idarə olunmur. Dördüncüsü isə dil, ünsiyyət və xidmət mədəniyyəti ilə bağlıdır. Xarici pasiyentlə işləmək xüsusi yanaşma və peşəkarlıq tələb edir.
— Bu sahədə Azərbaycanın hansı üstünlükləri var?
— Azərbaycanın bir neçə ciddi üstünlüyü mövcuddur. Əvvəla, coğrafi mövqeyi çox əlverişlidir. Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionları üçün asan çıxış nöqtəsidir. İkincisi, qiymət və keyfiyyət balansıdır. Tibbi xidmətlərin dəyəri bir çox ölkələrlə müqayisədə daha münasibdir və son dövrlərdə xarici vətəndaşlara tibbi xidmətlər üzrə vergi güzəştlərinin tətbiqi bu üstünlüyü daha da gücləndirir. Üçüncüsü, təbii və müalicəvi resurslardır. Naftalan, Lənkəran, Naxçıvan, Qəbələ kimi bölgələrdə sağlamlıq və bərpa turizmi üçün real imkanlar var.

— İnkişaf üçün hansı qabaqcıl yanaşmalar tətbiq olunmalıdır?
— İlk növbədə, klinikalarda xarici pasiyentlərlə işləyən ayrıca struktur bölmələr yaradılmalıdır. Bu bölmələr pasiyentin bütün yolunu – müraciətdən müalicədən sonrakı nəzarətə qədər – idarə etməlidir. İkinci mühüm məsələ xidmətlərin paketləşdirilməsidir. Müalicə, transfer, yerləşmə və sonrakı tibbi müşahidə aydın və şəffaf şəkildə bir paket kimi təqdim olunmalıdır. Üçüncü istiqamət qiymətlərin açıq göstərilməsi və məlumatlandırmadır. Ən çox tələb olunan tibbi xidmətlər üzrə əvvəlcədən aydın məlumat verilməlidir. Dördüncü olaraq, rəqəmsal imkanlardan istifadə vacibdir. Müalicədən öncə məsafədən məsləhətləşmə, sənədlərin elektron qəbulu və sonrakı tibbi izləmə sistemləri qurulmalıdır. Nəhayət, dövlət və özəl sektor arasında koordinasiya gücləndirilməli, vahid yanaşma və ümumi təqdimat formalaşdırılmalıdır.
— Ümumiyyətlə, Azərbaycanda səhiyyə turizminin cari durumunu necə qiymətləndirirsiniz?
— Səhiyyə turizmi təkcə tibbi xidmət deyil. Bu, pasiyentin bütün səfərinin düzgün idarə olunmasıdır. Azərbaycan bu sahədə potensiala malikdir, lakin bu potensialın real iqtisadi nəticəyə çevrilməsi üçün sistemli yanaşma, ölçülə bilən göstəricilər və peşəkar təşkilatlanma vacibdir.
10:43 10.01.2026
Oxunuş sayı: 3147