Uşaqların peyvəndlənməsi vacibdir, əks halda...- Həkimdən izah
Uşaqların sağlam inkişafı və cəmiyyətin epidemioloji təhlükəsizliyi baxımından peyvəndləmə məsələsi bu gün də ən aktual mövzulardan biri olaraq qalır. Müasir tibbin ən mühüm nailiyyətlərindən sayılan immunizasiya proqramları sayəsində bir çox təhlükəli infeksiyaların qarşısı alınıb, uşaq ölümləri və ağırlaşmalar əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, peyvəndlərlə bağlı valideynləri düşündürən suallar, mövcud qorxular və bəzən yanlış təsəvvürlər hələ də gündəmdədir. Məhz bu kontekstdə uşaqlar üçün peyvəndləmənin əhəmiyyəti, immun sisteminə təsiri, mümkün risklər və peyvənddən imtinanın doğura biləcəyi nəticələrə aydınlıq gətirmək zərurəti yaranır.
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev də vaksinasiya ilə bağlı valideynlərə müraciət edib.
O, deyib ki, bəzi valideynlər bilərəkdən uşaqları vaksinasiyadan yayındırırla
“Halbuki uşaqların güclü immunitet sisteminin formalaşması üçün vaksinlərin mütləq şəkildə vurulması vacibdir. Uşaqların həyatı əsasən məktəb və ev arasında keçir, beləliklə onların oturaq həyat tərzi immunitetin zəifləməsinə səbəb olur”, - terapevt qeyd edib.
Zakir Quliyev eyni zamanda vurğulayıb ki, yanvar–fevral aylarında xəstələnənlərin sayı digər aylara nisbətən daha çox müşahidə olunur.

Uşaqların peyvəndlənməsi ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a müsahibə verib:
- Doktor, uşaqlar üçün peyvəndləmə niyə vacibdir?
- Uşaqların peyvəndlənməsi onların immun sisteminin aktiv vəziyyətə gətirilməsi və bir sıra mühüm xəstəliklərdən qorunması deməkdir. Peyvəndləmə son dərəcə vacib tibbi prosedurdur və elmin bəşəriyyətə bəxş etdiyi ən böyük nailiyyətlərdən biridir. Məhz peyvəndləmə nəticəsində bir çox xəstəlik aradan qaldırılıb və infeksiya zəncirinin qırılması mümkün olub.
- Peyvəndlər uşağın immun sisteminə necə təsir edir?
- Peyvəndləmə aktiv və passiv immunizasiya olmaqla iki yerə bölünür. Aktiv immunizasiya zamanı orqanizm infeksiya agentlərinə qarşı özü əks cisimlər hazırlayır. Passiv immunizasiyada isə hazır əks cisimlər birbaşa bədənə yeridilir. Bu proses uşağın immun sistemini möhkəmləndirir və müəyyən xəstəliklərə qarşı müdafiəni təmin edir.
- Valideynlərin peyvəndlərlə bağlı ən çox qorxduğu məqamlar hansılardır?
- Valideynlərin bu məsələdəki qorxuları əsasən əsassızdır. Bir çox halda valideynlər şayiələrə əsaslanaraq yanlış qərarlar veriblər. Bu qorxular peyvəndlərin təhlükəli olduğuna dair yanlış məlumatlardan qaynaqlanır.
- Peyvənd olunmayan uşaqlar üçün hansı risklər mövcuddur?
- Peyvənd olunmayan uşaqlar ciddi infeksiyalara qarşı müdafiəsiz qalır. Bu, əmək qabiliyyətinin itirilməsinə, hətta tələfata səbəb ola biləcək xəstəliklərin – qızılca, göyöskürək, difteriya, tetanus, poliomielit, influenza, hepatit B və s. – riskini artırır. Peyvənd olunmayan uşaqlar infeksiya zəncirinin davam etməsinə səbəb ola bilər və xəstəliklərin yayılmasına gətirib çıxarır.
Ayhan
10:22 09.01.2026
Oxunuş sayı: 1916