Saxta yaşam kouçluğu: Psixoloji təhlükəsizliyə açıq təhdid
Son illər cəmiyyətdə psixoloji dəstəyə olan ehtiyac artdıqca, bu sahəyə maraq da paralel şəkildə çoxalıb. Bu maraq bəzən sağlam və peşəkar yanaşma ilə müşayiət olunsa da, bəzi hallarda təhlükəli bir tendensiyaya çevrilir. Belə ki, müxtəlif adlar altında keçirilən bir aylıq, iki aylıq, hətta bir neçə həftəlik təlim və seminarların ardından bəzi şəxslər özlərini “psixoloq”, “yaşam kouçu” kimi təqdim etməyə başlayırlar. Akademik təhsil, elmi hazırlıq və peşəkar təcrübə tələb edən bu sahənin qısa müddətli kurslarla mənimsənilə biləcəyi təəssüratı isə cəmiyyətdə ciddi suallar doğurur. Mütəxəssislər bildirir ki, psixologiya və insan psixikası ilə bağlı fəaliyyət məsuliyyət, etik çərçivə və dərin bilik tələb edir. Əks halda, düzgün olmayan yönləndirmələr insanların psixoloji vəziyyətinə mənfi təsir göstərə, hətta daha ağır problemlərə yol aça bilər. Məhz bu fondda “saxta yaşam koçluğu” və özünü mütəxəssis kimi təqdim edən şəxslərin fəaliyyəti yenidən gündəmə gəlib.

Bu barədə Crossmedia.az-a danışan psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, Elnur Rüstəmov son illər psixoloji xidmətlərə ehtiyacın artması ilə paralel olaraq bu sahədə nəzarətsiz və qeyri peşəkar fəaliyyət halların da ciddi şəkildə çoxaldığını təsdiqləyib:
" Qısa müddətli kurslar keçmiş şəxslərin özlərini yaşam kouçu və ya psixoloq kimi təqdim etməsi psixoloji xidmətlərin mahiyyətini təhrif edir və cəmiyyət üçün real risklər yaradır. Psixologiya motivasiya xarakterli söhbətlərdən ibarət deyil insan psixikasının elmi diaqnostikası və peşəkar müdaxiləsini tələb edən yüksək məsuliyyətli bir sahədir. Bu hazırlıq olmadan aparılan fəaliyyətlər yanlış qiymətləndirmələrə emosional zədələnməyə mövcud psixoloji problemlərin ağırlaşmasına və bəzən uzunmüddətli psixi fəsadlara səbəb ola bilir".
Sədrin sözlərinə görə, belə hallar ümumilikdə psixoloji xidmətlərə olan ictimai etimadı da zəiflədir və insanların real ehtiyac zamanı mütəxəssisə müraciət etməsinə mane olur:
"Peşəkar psixoloji fəaliyyət yalnız elmi cəhətdən etibarlı və standartlaşdırılmış diaqnostik alətlərə əsaslanmalıdır. Psixoloji testlər sorğu vərəqləri və qiymətləndirmə metodikaları beynəlxalq psixometrik tələblərə cavab verməli etibarlılığı və uyğunluğu elmi tədqiqatlarla sübut edilməlidir. Eyni zamanda müdaxilə metodları da təsdiqlənmiş psixoterapevtik yanaşmalara söykənməli mütəxəssisin ixtisası və səlahiyyətləri çərçivəsində tətbiq olunmalıdır. Qısa təlimlər keçmiş şəxslərin bu cür alət və metodlardan nəzarətsiz istifadə etməsi həm etik həm də elmi baxımdan yolverilməzdir.
Bu sahədə sağlam sistemin formalaşması üçün peşəkar nəzarət mexanizmləri xüsusi əhəmiyyət daşıyır".
E.Rustəmov qeyd edib ki, psixoloji fəaliyyətlə məşğul olan mütəxəssislər müvafiq ictimai və peşəkar birliklərin üzvü olmalı onların etik kodeksinə və peşə standartlarına tabe olmalıdır:
" Belə birliklər mütəxəssislərin fəaliyyətinə nəzarət etməli davamlı ixtisasartırmanı təşviq etməli və etik pozuntulara qarşı mexanizmlər formalaşdırmalıdır. Paralel olaraq dövlət qurumları elmi institutlar və peşəkar assosiasiyalar birgə şəkildə psixoloq adının hüquqi çərçivəsini dəqiq müəyyənləşdirməli sertifikasiya və lisenziyalaşdırma sistemini gücləndirməlidir. İctimai maarifləndirmə də bu prosesin ayrılmaz hissəsidir. İnsanlar bilməlidir ki psixoloq olmaq üçün hansı akademik hazırlıq tələb olunur hansı diaqnostik və müdaxilə metodları elmi əsaslı hesab olunur və kimlərə etibar etmək olar. Yalnız bu yanaşma ilə cəmiyyətin psixoloji təhlükəsizliyi qoruna bilər peşəkar psixoloqların nüfuzu möhkəmlənər və psixoloji xidmətlər real ehtiyaclara cavab verən sağlam bir sistem kimi inkişaf edər".
Fatimə Məmmədova
12:18 13.12.2025
Oxunuş sayı: 1680