Azərbaycanın dünyada ürək xəstəliklərinin ən çox görüldüyü ölkələrdən biri olması barədə fikirlər səhvdir - Bəs ölkəmizdə vəziyyət necədir?
Son illər Azərbaycanda ürək- damar xəstəlikləri geniş yayılıb. Artıq nəinki yaşlılarda, yeniyetmə və gənclərdə ürək- damar xəstəliklərinə rast gəlinir. Bu, çoxlarında narahatlıq yaradır. Necə deyərlər, ürəklə zarafat olmaz...
Ürək- damar xəstəliklərinin geniş yayılması bu məsələ ilə preventiv və adekvat addımların da atılmasını da zəruri edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, son günlər Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı aparılan büdcə müzakirələri zamanı cəmiyyətin diqqətində olan ən vacib məsələlərdən biri də ürək–damar xəstəlikləri üzrə real vəziyyət və bu sahədə görülən işlərin qiymətləndirilməsidir: "Çünki ürək xəstəlikləri insanların həyatının ən kritik anlarında üzləşdiyi problemlərdən biridir və həmin anda göstərilən tibbi xidmətin keyfiyyəti birbaşa insanın yaşamaq şansını müəyyən edir. Bir neçə il əvvələ nəzər saldıqda vəziyyət tamam fərqli idi. Kəskin infarkt keçirən bir şəxsin təcili angioqrafiya və angioplastika xidmətinə çıxışı çox məhdud idi. Bəzən 1, 2, 3, hətta 4 stentin qoyulması tələb olunan kritik hallarda xəstələr 5–10 min manat civarında təcili xərcin altına girir, kredit götürməyə məcbur olur, qohum-qonşudan borc istəyir və ya bu xidmətə ümumiyyətlə əlçatanlıq tapmırdı. Əsas məsələ ondadır ki, ürək infarktında “qızıl standart” sayılan ilk saatlarda müdaxilə olunmadıqda, yəni o həyati önəm daşıyan “qızıl saatlar” itirildikdə ölüm və ağır fəsad ehtimalı kəskin şəkildə artırdı. Zamanında açılmayan damarlar sonradan aşkar edilib təmizlənsə belə, artıq zədələnmiş ürək toxumasında əvvəlki kimi fayda əldə olunmur, tətbiq olunan prosedurlar gözlənilən nəticəni vermir və xəstəlik çox vaxt geri dönüşü olmayan bir mərhələyə keçirdi. Açıq ürək əməliyyatlarının qiyməti isə 8–10 min manatdan başlayıb 20–30–40 min manata qədər yüksəlirdi ki, bu da bir çox ailə üçün həddən artıq ağır bir yük idi".

O bildirib ki, bu gün isə icbari tibbi sığorta çərçivəsində vəziyyət kökündən dəyişib: "Təkcə son 2–3 ildə Azərbaycanda 40–50 min angioqrafiya və angioplastika, 10 mindən çox açıq ürək əməliyyatı dövlət dəstəyi ilə vətəndaşlara əlçatan olub. Bu, minlərlə insanın həyatının xilas edilməsi və yüzlərlə ailənin ağır maliyyə çətinliklərindən qorunması deməkdir. İldən-ilə həm xidmətlərin həcmi artır, həm də keyfiyyəti yüksəlir.Ən önəmlisi isə odur ki, bu xidmətlər artıq yalnız Bakı ilə məhdudlaşmır. Gəncə, Lənkəran, Şəki, Sumqayıt, Naxçıvan kimi bölgələrimizdə də təcili angioqrafiya, angioplastika və açıq ürək əməliyyatları yüksək səviyyədə icra olunur. Regionlarda bu imkanların yaranması sayəsində infarktın ilk “qızıl saatları” itirilmir, yüzlərlə insan vaxtında yardım alaraq həyatda qalır. Eyni zamanda bölgələrdə çalışan kardioloq və cərrahların peşəkarlığı da davamlı olaraq artır və bu proses ölkə üzrə tibbi xidmətlərin balanslaşmasına mühüm töhfə verir. Bəzən ictimaiyyətdə yanlış şəkildə belə fikirlər səslənir ki, guya Azərbaycan dünyada ürək xəstəliklərinin ən çox görüldüyü ölkələrdən biridir. Bu iddia heç də gerçəyi əks etdirmir. Doğrudur, biz genetik və coğrafi xüsusiyyətlərə görə yüksək riskli bir regionda yaşayırıq. Lakin bu, Azərbaycanı mənfi siyahıda ön sıralara çıxarmır. Əksinə, son illərdə ölkəmiz ürək–damar xəstəlikləri ilə mübarizə sahəsində regionun ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Tibbi xidmətlərin əlçatanlığı, əməliyyatların uğur faizi və kadr hazırlığı baxımından görülən işlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bəzi postsovet ölkələrində qeydiyyat sisteminin beynəlxalq sistemdən fərqli tutulması statistik yanılmalara səbəb olub. Bu gün artıq rahatlıqla demək olar ki, Azərbaycan tibb işçilərinin peşəkarlığı, tibbi infrastrukturun modernləşdirilməsi, icbari tibbi sığortanın geniş tətbiqi və insanların öz sağlamlığına daha məsuliyyətli yanaşması ölkəmizi yaxın illərdə bu xəstəliklərlə mübarizədə ən nümunəvi dövlətlərdən birinə çevirə bilər. Görülən işlərin davamlılığı və genişlənməsi isə həm ölüm risklərinin azalmasına, həm də sağlam həyatın təmininə mühüm töhfə verəcək. Amma biz həm də bilirik ki, hələ görəcəyimiz işlər çoxdur".
13:47 08.12.2025
Oxunuş sayı: 1255