ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələ: Cənubi Qafqaz regionunun təhlükəsizliyi...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, hökumət ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" əsasında bərpa etmək niyyətindədir.
Baş nazir "Dost Aktı"na da toxunaraq qeyd edib ki, proses məhz bu şəkildə həyata keçirilməlidir:
"Biz ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə Amerika tərəfinin mövqeyini gözləyəcəyik".
Buna baxmayaraq, o, konkret olaraq hansı redaktələri nəzərdə tutduğunu açıqlamayıb. Tbilisi ilə Vaşinqton arasındakı münasibətlərin mümkün yeni mərhələsi barədə Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva bildirib ki, Gürcüstan-ABŞ münasibətləri qarşılıqlı inamdan asılıdır: “ABŞ prezidenti Donald Trampın yanvarın 20-də keçirilən andiçmə mərasimi Gürcüstanda uzun müddətdir izlənilən və ümid bəslənilən hadisələrdən biri olub. Baş nazir İrakli Kobaxidze Trampın andiçmə mərasimini Gürcüstan-ABŞ münasibətlərinin qırılma nöqtəsində olduğunu bildirib. O, 2025-ci ilin daxili və xarici siyasət baxımdan əhəmiyyətli bir il olacağına diqqət çəkərək, ölkədə radikalizmə və liberal faşizmə son qoyulacağını bildirib. Hakim partiya hesab edir ki, ABŞ-nin yeni administrasiyası keçmiş hökumətin səhvlərini düzəldərək “Dərin Dövlət”in öhdəsindən gələcək və Tbilisi-Vaşinqton münasibətləri təkrar inkişaf edəcəkdir.
Bu baxımdan parlament çoxluğu Trampın bölüşdüyü məsələlərdə köklənməyi vacib hesab edirlər. Bu məsələlərə ailə dəyərlərinin müdafiəsi, anti-LGBT propaqandası, şəffaflığın təminatı, xarici müdaxilə ilə mübarizə və ya digər adla “Dərin Dövlət” daxildir. Onlar seçkiqabağı kampaniyada səsləndirilən “Respublikaçılar”ın fikirlərinin “Gürcü Arzusu”nun ideyaları ilə ortaq olduğunu bildiriblər. Ümumiyyətlə, “Gürcü Arzusu” yeni administrasiya ilə “ikinci cəbhə”nin açılması məsələsində ortaq məxrəcə gələcəyinə inanır. Andiçmə mərasimi münasibətilə Prezident Mixeil Kavelaşvili Trampı təbrik edib”.
Müsahibimiz söyləyib ki, avqust ayında Kobaxidze jurnalistlərə açıqlamasında Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq və münasibətləri “təmiz səhifədən” başlamaq niyyətində olduğunu bəyan edilib: “Baş nazir fikirlərinə əlavə olaraq bildirib ki, bu təşəbbüsə cavab olaraq Gürcüstan hökuməti ABŞ-dən müsbət reaksiya gözləyir. Sentyabrın əvvəlində isə Kavelaşvili Trampa açıq məktubla müraciət edib. Məktubda o, ABŞ-Gürcüstan münasibətlərinin bərpası və gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb və hazırki ABŞ administrasiyasının Gürcüstana qarşı diqqətsizliyinə işarə edib.
“MEGOBARI” Aktının ABŞ Senatında qəbul edilməməsi hakim partiya tərəfindən müsbət hal kimi qarşılanıb. Kobaxidze məsələ ilə bağlı şərh verərkən “MEGOBARI Aktı əslində Gürcü xalqına, dövlətimizə və milli maraqlarımıza qarşı yönəlmiş düşmən akt idi. Xoşbəxtlikdən, məlum olduğu kimi, bu akt son nəticədə qəbul edilmədi. Bu, çox yaxşı haldır” deyib. Bu hadisədən sonra Kavelaşvili Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış məqsədilə ABŞ-yə 5 günlük səfər edib. Səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampın Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil etdikləri rəsmi qəbula da qatılıb. Səfərinin yekunları barədə açıqlama verən M.Kavelaşvili ABŞ prezidentinin onun münasibətlərin təmiz səhifədən başlaması məsələsinə baxacağını vəd etdiyini açıqlayıb. Yeri gəlmişkən bildirim ki, ABŞ Nümayəndələr Palatası tərəfindən mayın 6-da MEGOBARI aktı qəbul edilib. Qanun layihəsi 349 nəfərin lehinə səsini almaqla geniş dəstək qazanıb. Həmin səslərin 168-i respublikaçılar, 181-i demokratlar tərəfindən verilib. Qanun layihəsi əleyhinə səs verən 42 nəfərin isə 34-ü respublikaçılardan, 8-i isə demokratlardan olub. Palata tərəfindən qəbul olan layihə bundan sonrakı mərhələdə Senatda müzakirəyə çıxarılmalı, bundan sonra ABŞ Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minməli idi. Co Vilson tərəfindən təqdim olunan qanun layihəsi “Gürcü Arzusu” hökumətində ölkənin Avro-Atlantik inteqrasiyasına mane olmaq məqsədilə zorakılıq və qorxutma əməllərində iştirak edən məmurlara, həmçinin yüksək səviyyəli məmurlara sanksiya tətbiqini tələb edir. Qanunun adı olan “MEGOBARI” gürcü dilində “dost” deməkdir və bu abreviatura açıldığı zaman “Gürcüstanın Hesabatlılıq, Dayanıqlılıq və Müstəqillik üçün Seçimlərinin Gücləndirilməsi və Səfərbər Edilməsi Aktı” kimi tərcümə olunur”.
Onun sözlərinə görə, qanun layihəsinin əsas və mühüm istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsidir: “Akta əsasən, ABŞ-nin müdafiə sektorunun rəsmiləri Gürcüstanda Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi üçün zəruri olan silah, avadanlıq, təlim, texniki və operativ dəstək elementlərinin təmin edilməsi və təchizatını nəzərdə tutan xüsusi hərtərəfli hərbi yardım paketi hazırlamağı öhdəsinə götürür. Akt Gürcüstanın qeyd olunan siyasi kriteriyaları yerinə yetirəcəyi təqdirdə “imtiyazlı ticarət rejimi”nin yaradılmasını nəzərdə tutur ki, bu da gürcü bizneslərinin öz məhsul və ya xidmətlərini ştatlara ixracını asanlaşdıracaq. Bundan əlavə, qanun layihəsi Amerika bazarına çıxışın sadələşdirilməsi ilə yanaşı, Gürcüstan vətəndaşları üçün viza liberallaşdırılmasının tətbiqini də nəzərdə tutur. “Gürcü Arzusu” təmsilçilərinin mətbuatda məsələ ilə bağlı çıxışlarına əsasən bildirmək olar ki, onların hamısı qanun layihəsini təxribat xarakterli adlandıraraq, addımın Gürcüstana qarşı yönəldiyi qənaətindədirlər. Mediada çıxışların böyük əksəriyyətində Co Uilsonun mövqeyi qərəzli, korrupsiyaya bulaşmış kimi təqdim edilib və onun fəaliyyətinin “Vahid Milli Hərəkat”la bağlı olduğu iddia olunub. Digər məqam isə aktın Qərb tərəfindən Gürcüstana qarşı alət kimi istifadəsi fikri ilə bağlıdır. Hakim partiya nümayəndələri hesab edir ki, layihə demokratiya və insan haqları naminə deyil, siyasi təsir vasitəsi kimi istifadə olunur. Bu faktlar göstərir ki, Gürcüstan-ABŞ münasibətləri hazırda mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir. Gürcüstan hökumətinin strateji tərəfdaşlığı "təmiz səhifədən" başlamaq təşəbbüsünə baxmayaraq, MEGOBARI Aktı ətrafında yaranan diskurs, əslində, bu münasibətlərin əsas problemli məqamlarını üzə çıxarır. Gürcüstan hökuməti bu sənədi ölkənin suverenliyinə və milli maraqlarına qarşı yönəlmiş təzyiq vasitəsi kimi dəyərləndirir”.
Ekspert düşünür ki, hazırkı administrasiyanın Tramp rəhbərliyindəki administrasiyası ilə ideoloji uyğunluq axtarması və bəzi mühafizəkar dəyərlər üzərindən ortaq mövqelər formalaşdırmaq cəhdləri, münasibətlərin əvvəlki dövrlərdən fərqli olaraq daha selektiv və şərtli şəkildə inkişaf edəcəyinə işarə edir: “Beləliklə, Gürcüstan-ABŞ münasibətlərinin gələcək inkişafı tərəflərin qarşılıqlı kompromis və inam üzərində yeni yanaşmalar formalaşdırmasından asılı olacaq. Əks təqdirdə, bu strateji tərəfdaşlıq formal xarakter daşıya bilər və regionda yeni geosiyasi balansların formalaşmasına səbəb ola bilər. ABŞ və Gürcüstan arasında mövcud münasibətlər bir tərəfdən strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı maraqlara əsaslansa da, münasibətlərin gələcək inkişafı tərəflərin bir-birinin gözləntilərini nəzərə alaraq, dialoq və əməkdaşlıq ruhunda qarşılıqlı addımlar atmasından asılı olacaq. Belə yanaşma, eyni zamanda, Cənubi Qafqaz regionunun təhlükəsizliyi və sabitliyinə də öz töhfəsini verə bilər”.
Günel Verdiyeva
21:22 13.10.2025
Oxunuş sayı: 3417