Ermənistanda böyük oyun: Müxalifət Paşinyana dəstək olur?
Ermənistanda keçirilən seçkilərin nəticələri ətrafında yaranan müzakirələr davam edir. Xüsusilə Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının səslərinin yenidən hesablanması və 4 faizlik seçki baryerini keçib-keçməməsi ilə bağlı ziddiyyətli məlumatlar ölkədə seçki prosesinin şəffaflığı barədə sualları artırıb. Ekspertlər hesab edirlər ki, baş verənlər təkcə texniki səhv kimi qiymətləndirilə bilməz və prosesin arxasında siyasi maraqların dayanması ehtimalı da istisna deyil.
Politoloq Tofiq Abbasov bu barədə Crossmedia.az-a danışıb:
"Qaqik Tsarukyanın partiyası ətrafında yaranan vəziyyət kifayət qədər qalmaqallıdır. Çünki ilk hesablamalardan sonra o, 4 faizlik baryeri keçdi, sonra bəlli oldu ki, belə deyil. Mərkəzi Seçki Komissiyası özü də elə əvvəldən deyirdi ki, son nəticələri biz deməmişik, onlar bir neçə gündən sonra açıqlanacaq. Amma vəziyyət onu göstərdi ki, baş nazir, "Mülki Müqavilə" partiyasının sədri Nikol Paşinyan səslərin çoxluğunu əldə etməyinə baxmayaraq, onun parlamentdə mütləq üstünlüyü olmayacaq. Çünki "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanla "Ermənistan" blokunun rəhbəri Robert Köçəryanın təmsil olunduğu siyasi qüvvələr birlikdə 40-a yaxın mandat əldə etdiklərinə görə Paşinyan üçün parlamentdə ciddi problemlər yarada bilərlər”.

Politoloqun sözlərinə görə, baş verənlər seçki prosesində saxtakarlıqla bağlı iddiaları daha da gücləndirir:
“Bu proses özü-özlüyündə saxtakarlığın göstəricisidir. Ümumiyyətlə, Avropa təsisatları, ATƏT və digər müşahidəçilər bir ağızdan Ermənistanı tərifləyirlər ki, guya orada demokratiya inkişaf edir. Halbuki bu seçkilərdə də qayda pozuntuları oldu, dava-dalaş yaşandı, saxtakarlığın müxtəlif nümunələri göz önündə canlandı. Amma Avropadan bununla bağlı hər hansı ciddi tənqid eşidildimi? Xeyr. Bir kəlmə də olsun irad bildirilmədi”.
T.Abbasov hesab edir ki, Tsarukyanın partiyasının nəticələrinin dəyişməsi siyasi məqsədlərlə bağlı ola bilər:
“Uzun sözün qısası, onun göstəricilərinə müəyyən əlavələr etdilər. Bunun səbəbi Paşinyanın onunla koalisiya yaratmaq imkanlarını genişləndirmək və parlamentdə səs çoxluğunu təmin etmək ola bilər. Bu, bir qədər gözlənilən idi. Çünki ilk gün 4 faizlik baryeri keçmişdi, sonra göstəricilər 3,99 faizə endirildi, indi isə görünür ki, müəyyən pərdəarxası sövdələşmələr baş verib. Tsarukyan böyük biznes imkanlarına malik şəxsdir. Onun həm Ermənistanda, həm də Rusiyada geniş biznes şəbəkəsi var. Ola bilsin ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Nəticədə hakim qüvvə parlamentdə öz mövqelərini gücləndirmək və rəqiblərinin təsir imkanlarını azaltmaq üçün əlavə siyasi baza formalaşdırmağa çalışır”.
Ekspert vurğulayıb ki, Ermənistan seçkiləri bir daha ölkədə seçki prosesinin problemlərdən uzaq olmadığını nümayiş etdirib:
“Əlbəttə, elə bir dövlət yoxdur ki, orada seçkilər tamamilə qüsursuz keçirilsin. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Avropada da seçkilərlə bağlı narazılıqlar və mübahisələr olur. Lakin Ermənistan da bu baxımdan istisna olmadı. Bu proseslər bir daha göstərdi ki, Ermənistana xüsusilə Qərbdə fərqli yanaşma mövcuddur və onun çatışmazlıqları çox zaman diqqətdən kənarda saxlanılır.
Bu hadisələr göstərdi ki, Ermənistanda seçki zamanı saxtakarlıq halları kifayət qədər dərin olub. Eyni zamanda Tsarukyan məsələsi də onu göstərir ki, pərdəarxası siyasi fəaliyyətlər nəticəsində Paşinyanın parlamentdə səs çoxluğunu təmin etməsi üçün müəyyən addımlar atılır. Bu isə qarşıdakı dövrdə istər konstitusiya islahatları, istərsə də mümkün referendum məsələləri baxımından hakimiyyət üçün vacib əhəmiyyət daşıyır”.
Zeynəb Həsən
15:48 12.06.2026
Oxunuş sayı: 53