Türk ailəsinin ruh bütövlüyü

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə siyasi hadisə deyil, türk dünyasının mənəvi xəritəsində yeni səhifə açan tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında səsləndirdiyi “biz təkcə müttəfiq deyil, bir ailəyik” fikri türk dünyasının əsrlərdən gələn ortaq kimliyinin çağdaş ifadəsi kimi səsləndi. Bu ideya sadəcə emosional deyim deyil, dərin tarixi-fəlsəfi məna daşıyan konsepsiyadır: “Türk Ailəsinin Ruh Bütövlüyü” – yəni ortaq tarix, dil, etnik kök və mənəvi dəyərlərin vəhdəti üzərində qurulmuş birliyimiz.
Türk xalqlarının tarixi müxtəlif coğrafiyalarda formalaşsa da, bu tarix vahid mənəvi başlanğıcdan qidalanır. Orxon-Yenisey abidələrində dövlət, nizam, əxlaq və birlik ideyaları artıq sistemli şəkildə ifadə olunmuşdur. “Türk budun üçün gecə yatmadım, gündüz oturmadım” – deyən Bilgə Kağanın sözləri, türk dünyasının mənəvi genetik koduna çevrilmişdir.
Bu tarixi kod əsrlər boyunca dəyişməz bir dəyəri qoruyub: birlikdə güc, ayrılıqda zəiflik. Bu gün TDT məhz o qədim dövlətçilik fəlsəfəsinin müasir forması kimi çıxış edir. Qəbələnin Zirvə məkanı seçilməsi də simvolikdir - Qəbələ, Qafqaz Albaniyasının mərkəzi olmaqla, türk mədəniyyətinin Qafqazda qədim izlərini daşıyır. Beləliklə, tarixlə gələcək burada bir nöqtədə birləşdi.
Türk xalqları arasında dil fərqləri olsa da, bu dillərin semantik və fonetik kökləri eynidir. Bu, yalnız dilçilik faktı deyil, həm də mənəvi yaxınlığın təzahürüdür.
Azərbaycanlı, qazax, qırğız, türkmən, özbək və türklər bir-birinin sözündə eyni duyğunu tanıyır, çünki o sözlər eyni ruhun fərqli sədalarıdır. Türk dünyasının dil birliyi təkcə ünsiyyət vasitəsi deyil, birgə düşünmə tərzi, ortaq dünyagörüşü yaradır.
Qəbələdə səslənən ortaq əlifba ideyası bu istiqamətdə böyük addımdır. Bu təşəbbüs yalnız texniki unifikasiya deyil, mədəni yaddaşın birləşdirilməsidir.
Türk dünyasının gələcək birliyinin təminatında ən mühüm istiqamətlərdən biri təhsil və texnologiya sahəsində inteqrasiyadır. Ortaq tədqiqat proqramları, elm və təhsil mübadiləsi, rəqəmsal resursların paylaşımı, süni intellekt texnologiyalarında ortaq platformaların yaradılması - bu proses “ruh bütövlüyü”nün zehni bütövlüyə çevrilməsi deməkdir.
Mədəni diplomatiya isə bu yeni mərhələdə “yumşaq güc” kimi çıxış edir.
Türk dövlətləri arasında ortaq kino, musiqi, ədəbiyyat və rəqəmsal mədəniyyət layihələrinin həyata keçirilməsi, ortaq tarixi və dil birliyini beynəlxalq səviyyədə təbliğ etməyə imkan verir. Bu, həm də Qəbələ Zirvəsinin əsas mesajlarından biri idi: türk birliyi yalnız keçmişə deyil, gələcəyə yönəlib. Qəbələ Zirvəsi bir daha sübut etdi ki, türk dünyasının inteqrasiyası bir təsadüf deyil, tarixi zərurətdir.
Azərbaycanın təşəbbüsləri bu prosesdə strateji rol oynayır. Ölkə başçısı cənab İlham Əliyevin çıxışında səsləndirilən təşəbbüslər TDT-nin fəaliyyətinə dəstək, ortaq humanitar layihələr, enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi bir məqsədə xidmət edir: mənəvi birliyi iqtisadi və institusional səviyyəyə daşımaq.
Türk Ailəsinin Ruh Bütövlüyü ideyası bugünkü Türk Dövlətləri Təşkilatının zirvəsində yalnız simvolik deyil, həm də strateji yol xəritəsinin əsasıdır. Ortaq tarix, etnik köklər, dil və mədəniyyət birliyi - bu dəyərlər türk dünyasının mənəvi dayağıdır və onun gələcəkdə daha güclü, daha koordinasiyalı, daha nüfuzlu bir beynəlxalq güc halına gəlməsi üçün zəruridir.
Qəbələ Zirvəsində verilən mesajlar göstərir ki, bu birlik yalnız keçmişin yadigarı deyil, gələcəyin təminatıdır. Ruh bütövlüyünü canlı saxlamaq üçün hər bir türk dövlətinin öz dövlətçilik maraqlarını mədəni və mənəvi perspektivlə də uyğunlaşdırması lazımdır.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini
21:35 11.10.2025
Oxunuş sayı: 6607