Süni ət nədir?

Əhalinin sürətli artımı və iqlim dəyişikliyi gələcəkdə qida çatışmamazlığı risqini artırır. Gələcəkdə qida çatışmamazlığının qarşısını almaq məqsədilə süni qidalar inkişaf etdirilir. Bunlardan ən diqqət çəkəni "süni ət" dir.
Əhalinin sürətli artımı və iqlim dəyişikliyi qlobal ərzaq təhlükəsizliyi üçün ciddi problem yaradır. Bu problemlərin həlli üçün alternativ qida mənbələrinə, xüsusi ilə labaratoriya şəraitində yetişdirilən süni ətə diqqət artır. Süni ətin istehsalının həm ekoloji, həm iqtisadi, həm də sosial üstünlüklərini var. Bu məqalədə süni ətin istehsal prinsipləri və gələcək qidalanmadakı rolu müzakirə olunur.
Süni ət nədir? Süni ət labaratoriya şəraitində biotexniki üsullarla əldə edilən ət məhsuludur. Onun hazırlanması üçün heyvan mənşəli kök hüceyrələrdən istifadə olunur. Hüceyrələr xüsusi qida mühitində çoxaldılaraq əzələ lifləri əmələ gətirir. Nəticədə ənənəvi ətə bənzər struktur formalaşır. Bu prosesin əsas üstünlüyü ondan ibarətdir ki, məhsulun əldə olunması üçün iri miqyaslı heyvan kəsiminə ehtiyac qalmır. İstehsal prosesi bioreaktor adlanan sistemlərdə həyata keçirilir. Burada hüceyrələrə böyümə faktorları, vitaminlər və minerallarla zəngin qida məhlulu verilir. Hüceyrələr çoxaldıqca toxuma formalaşır və bu toxuma son mərhələdə emal edilərək qida məhsulu halına gətirilir. Hazır məhsul dad, görünüş və qida dəyəri baxımından ənənəvi ətə yaxın olur.
Mövcud tədqiqatlar göstərir ki, süni ət insan sağlamlığı üçün zərərli hesab edilmir. Çünki o, heyvan mənşəli hüceyrələrdən ibarətdir. Tərkibində insan orqanizminə mənfi təsir göstərə biləcək kimyəvi maddələr yoxdur. Əksinə, bu texnologiya vasitəsi ilə məhsulun tərkibində yağ miqdarını azaltmaq protein səviyyəsini artırmaq və daha sağlam qida balansı yaratmaq mümkündür. Bununla yanaşı, uzunmüddətli təsirlərin tam öyrənilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Nəticə etibarı ilə, süni ət ənənəvi heyvandarlıq məhsullarına alternativ kimi qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaya bilər. Gələcək elmi tədqiqatlar və texnoloji inkişaflar süni ətin daha əlçatan, ucuz və cəmiyyət tərəfindən qəbul olunan qida məhsuluna çevrilməsinə imkan verəcək.
Fatimə Nəzərli
12:30 07.10.2025
Oxunuş sayı: 863