KİV: Qərbin hələ “masaya qoymadığı kartlar var”

Ukraynanın müttəfiqlərinin hələ istifadə etmədiyi bir vasitə var ki, bu, Rusiyaya qarşı “dözümlülüyü” nümayiş etdirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sentyabrın 28-nə keçən gecə Rusiya yenidən yüzlərlə dron və raketlə Ukraynaya zərbələr endirib — bu, avqustda ABŞ prezidenti Donald Tramp ilə Kreml lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən sonra daha da intensivləşən davamlı hücumların növbəti epizodudur. Məqalədə vurğulanır ki, Rusiya lideri yalnız Ukraynanın dözümlülüyünü deyil, həm də NATO, Avropa və ABŞ-nin hərbi yardım və sanksiyaları davam etdirmə iradəsini sınağa çəkir.
Qeyd olunub ki, müttəfiqlərin “hələ oynamadığı” əsas kartlardan biri Rusiyanın dondurulmuş aktivləridir — təxminən 230 milyard avro həcmində olduğu hesab edilən və Qərb tərəfindən saxlanılan vəsaitlər. Bu vəsaitlər birbaşa Ukraynanın hərbi səylərinin maliyyələşdirilməsində və ya Rusiya zərbələrinə qarşı silah alışı üçün kredit təminatı kimi istifadə oluna bilərdi.
Məqalədə qeyd olunur ki, Almaniya kansleri Fridrix Merts bu yaxınlarda ölkəsinin əvvəlki siyasətindən kəskin şəkildə dönərək Avropa İttifaqı tərəfdaşlarını bu dondurulmuş aktivləri Ukraynanın xeyrinə istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, Kiyevə 140 milyard avroluq kreditin açılmasına yol aça və rus aqressiyasına qarşı “dözümlülüyü” nümayiş etdirə bilər. Kredit Rusiya müharibəsi nəticəsində Ukraynaya vurduğu ziyanın ödənilməsindən sonra geri qaytarılacaq: “Kiyevə və digər şəhərlərə qarşı gecə zərbələri Rusiya üçün gücdən çox ümidsizliyin əlamətidir. Ukrayna düşmənin neft emalı müəssisələrini uğurla hədəfə alır. İndi ona həqiqi nəticə verə biləcək maliyyə silahı verilməli vaxtdır”. Məqalə belə bir addımın Moskvanın təzyiqlərinə qarşı həm praktik yardım, həm də siyasi siqnal olacağını iddia edir.
Səriyyə Tağıyeva
13:33 29.09.2025
Oxunuş sayı: 2870