Hələbdə Nəsimini Suriya ərəbi edam edibmi?!

Arada fikirləşirəm ki, binəva Nəsimini Şirvanda dinc qoyan olmadığı üçünmü Hələbə üz tutub, yoxsa, Nəsimi özü bu yerdə qərar tuta bilməyib? Baxıram Nəsiminin bir çox həmyerlisinə, deyirəm o vaxtkılar da belə olubsa, deməli, yazığa gün verməyiblər. İnana da bilmirəm ki, Nəsimini Hələbdə hansısa Suriya ərəbi, cahil ərəb müftisi edam etdirib. Nəsə şübhələnirəm. Bu işdə də özümüzünkülərin əli olmamış olmaz. Baxsan elə Hələbdə ticarətlə məşğul olan hansısa Şamaxıdan, Bakıdan gedən tacir məzlumun dərisinin soyulmağına bais olub.
Bu günlərdə Şamaxıda Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə yüksək səvviyyəli Nəsimi festivalı keçirildi. Çox gözəl, çox təqdirəlayiq. Mövzuya uyğun müxtəlif səhnələr təqdim olunub, xaricdən qonaqlar dəvət olunub və s. Hətta şairlər də çıxış ediblər. Bax elə bu şairlər olan hissə bir az uyğunsuz olub. Yox, yox, mənim bu çıxış edən şairlərlə işim yoxdur, sözüm odur ki, Nəsiminin doğulub boya-başa çatdığı bu torpaqda, yəni Şamaxıda, yəni festivalın keçirildiyi yerdə bir nəfər şamaxılı şair yox idimi ki səhnəyə dəvət edilə? Əlbəttə var, sadəcə dəvət edilməyib. Tək indi yox ha, AYB-nin Sabir poeziya günlərində də belə olub. Özü də bilirsiniz ki, AYB-nin Şirvan bölməsi də var. Arada toplaşırıq. 50-60 şair üzvü də var. İstedadlı şair də xeyli sayda. Bəs niyə bu yetimlərdən birinə Şamaxıda keçirilən ədəbiyyat tədbirlərində söz verilməyir?
Təsəvvür elə birinin evinə qonaq gedirsən. Bu ev də bağ-bağçalı, gül-çiçəkli bir həyətdədir. Ev yiyəsinə, ev əhlinə deyirsən ki, siz çıxın həyətdən kənarda durun, biz burada şənlik edib dincələcəyik. Ev yiyəsinə xoş gələrmi bu hərəkət? Ev sahibi deməzmi ki, ev mənim, bağça mənim, bağ mənim. Xoş gəlmisiniz, amma, mənə diqqətsizlik etməyin də. Sufiyanə yanaşsaq ev bizim deyil, mənim olan heç nə yoxdur. Heç nə özü hər şeydir və sən də heç kimsən, lakin sən bu cahana sığmazsan - Nəsimi kimimi?
Tədbirlərdə bu söz işinin tərtibatına, təqdimatına Azərbaycan Yazıçılar Birliyi baxır. Daha doğrusu AYB-də müəyyən aidiyyəti şəxslər. Bu şəxslər məsləhət-məşvərət edir, çıxış üçün şairlər seçirlər. Heç maraqlanmadınız ki, burada şair var, ya yox? Yoxdursa, onda AYB Şirvan bölməsi kimə lazımdır, ixtisar edin getsin də. Ax, şair, yazıçı paxıllığı! Vallah Nəsiminin ruhundan ayıbdır. Dövlətimiz Nəsiminin məzarını Hələbdən Şamaxıya gətirsə, belə baxıram, siz ədəbiyyat, mədəniyyət adamları heç şirvanlı şairləri Nəsiminin məzarını ziyarətə qoymazsınız.
Axı bu ədəbiyyat adamına yaraşmaz. Nəsiminin kölgəsində elə daldalanmaq lazımdır ki, bu irfan günəşi sizi, bizi yandırıb-yaxsın. Mənə elə gəlir ki, sizlər o irfan günəşinin şüaları altında üşüyürsünüz.
Bu giley-güzarıma görə, məndən küsənlərə, elə Nəsiminin təbirincə deyirəm:
"Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar"!
Yusif Nazim Ərəbsoy
19:33 26.09.2025
Oxunuş sayı: 2470