Rumıniya və Polşada hava həyəcanı elan olundu

Ukrayna sərhədi yaxınlığında yerləşən Rumıniya yaşayış məntəqələrinin sakinləri havadan obyektlərin düşə biləcəyi barədə xəbərdar edilib. İnsanlardan ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın Lublin vilayətində də əhaliyə hava təhdidi ilə bağlı xəbərdarlıq mesajları göndərilib: “Xüsusi ehtiyatlı olun. Xidmətlərin göstərişlərinə əməl edin. Əlavə məlumatları gözləyin.”
Polşa Hökumətinin Təhlükəsizlik Mərkəzi əhalidən rəsmi məlumatlara diqqətlə yanaşmağı tələb edib. Hazırkı vəziyyətlə əlaqədar Polşa və NATO qırıcıları havaya qaldırılıb. Məlumata görə, qərbi Ukraynada Rusiya PUA-larının mümkün hücumu təhlükəsi var.
Polşanın baş naziri Donald Tusk bildirib: “Ukrayna üzərində, Polşa sərhədi yaxınlığında fəaliyyət göstərən Rusiya dronlarının yaratdığı təhdid səbəbindən Polşa və müttəfiq hava qüvvələri ölkə hava məkanında qabaqlayıcı əməliyyatlara başlayıb. Yerüstü HHM sistemləri ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.”
Rumıniya Müdafiə Nazirliyi isə ölkə hava qüvvələrinin hava məkanını pozan dronu məhv etdiyini təsdiqləyib. Nazirlik Rumıniya ərazisinin Rusiya Federasiyasının hücum hədəfi olmadığını vurğulayıb.
21:00 13.09.2025
Oxunuş sayı: 626