Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs xilas edilib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən "Bazardüzü" İstirahət Mərkəzində aparılan araşdırma nəticəsində adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşmüş 1 qara kərkəsin qanunsuz olaraq saxlanılması aşkar edilib.
Crossmedia.az xəbər verir ki, sözügedən fauna növü baytar
mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün
Bakı Zooloji Parkına təhvil verilib.
Klinik müayinə zamanı quşun bədənində aşkarlanan qurğuşun
güllə qalıqları onun məxsusi olaraq tutulmaq məqsədilə ov qurbanı olmasını deməyə
əsas verir. Bundan əlavə, baxış zamanı quşun qida rasionunun zəifliyi, arıqlıq,
eləcə də, baytarlıq qaydaları və normativlərinə uyğun olmayan şəraitdə
saxlanılması müəyyən olunub.
Xilas edilən qara kərkəsin reabilitasiya müddəti
tamamlandıqdan sonra vəhşi təbiətə buraxılması planlaşdırılır.
Qeyd edək ki, IDEA tərəfindən qara kərkəsin xilas edilməsi 6
sentyabr "Beynəlxalq Kərkəslər Haqqında Maarifləndirmə Günü"nə təsadüf
edir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi
heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi
hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili
Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini
xahiş edir.
15:30 07.09.2025
Oxunuş sayı: 1078