Ermənistan- Rusiya münasibətləri Cənubi Qafqazdakı proseslərə necə təsir edir? - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regionda baş verən geosiyasi proseslər fonunda Azərbaycanın strateji mövqeyinin və təhlükəsizlik siyasətinin aydın şəkildə ifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibə zamanı jurnalistin Rusiyanın mümkün müdaxiləsi ilə bağlı sualına cavab olaraq İlham Əliyev qeyd edib ki, Ermənistan ərazisində Rusiya hərbi bazası və bir neçə min nəfərlik hərbi kontingent mövcuddur. Həmçinin, Ermənistanın İran və Türkiyə ilə sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Lakin Azərbaycan bu baxımdan tam müstəqildir və onun ərazisində heç bir rus hərbi qüvvəsi yerləşmir.
Bu bəyanat regionda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın öz milli maraqlarını necə qətiyyətlə müdafiə etdiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin təhlükəsizlik arxitekturası xarici hərbi təsirlərdən uzaq, tamamilə daxili resurslara və strateji tərəfdaşlıqlara əsaslanır. Bu, həm də Azərbaycanın post-münaqişə dövründə regional sabitlik və əməkdaşlıq naminə atdığı addımların ardıcıl və prinsipial xarakter daşıdığını sübut edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Cənab Prezidentin dediklərində çox böyük həqiqət var:
“Sözün həqiqi mənasında, Ermənistan Rusiyadan təkcə hərbi kontingentə deyil, eyni zamanda, iqtisadi baxımdan da asılıdır. Ermənistan uzun illər ərzində özünü faktiki olaraq Rusiyanın bir forpostu kimi, dövlət atributlarına formal malik olan bir dövlət olaraq aparıb. Bütün bu proseslərdə zamanı Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Əslində, Ermənistanın elə bir gücü heç vaxt olmayıb. Bunu Ermənistanın arxasında dayanan güclər, ilk növbədə Rusiya edib. Nəzərə almaq lazımdır ki, 102-ci baza Ermənistan ərazisindədir. Eləcə də, elə bu gündə Rusiyanın hərbi hava qüvvələri mövcuddur. Ermənistan iqtisadiyyatının təxminən 70%-i Rusiyadan asılıdır. Bu gün Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur. Yəni, bu baxımdan, təbii ki, Ermənistanda vəziyyət heç də ürəkaçan deyil. Bu problemlərdən necə qurtulacağımız isə ayrı bir məsələdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, NATO ilə, Avropa İttifaqı ilə əlaqələr qurmaq istəyir. Yəni, bütün bu problemləri necə həll edəcəyik deyə Ermənistanın qarşısında çox ciddi bir məsələ olaraq dayanır”.
Parlamentari xatırladıb ki, Rusiyanın Ermənistanda beşinci kolonu var: “Baş nazir Nikol Paşinyan siyasilərin bir çoxunu sıradan çıxarıb. İyun ayından etibarən hakimiyyətlə kilsə arasında ciddi qarşıdurma müşahidə olunur. Əslində bu proseslərdə Paşinyan üstün görünür. İyun ayında parlament seçkiləri olacaq. Parlament seçkilərində növbəti dəfə Paşinyan iştirak edəcək. Əgər partiyası qalib gələcəksə, baş nazir kimi imkanları genişlənəcək. Əks halda, problemlər ola bilər və bu problemlər də əslində bütövlükdə Ermənistanın özünə aiddir. Cənab Prezident xüsusilə ifadə etdi ki, bu, prezidentlər arasında bağlanmış müqavilə deyil, bu, Azərbaycan dövləti ilə Ermənistan dövləti arasında bağlanmış müqavilədir. Paşinyandan sonra əgər kimsə olacaqsa, o da həmin öhdəliklərə və müqavilənin şərtlərinə əməl etməyə borcludur. İstənilən halda, top Ermənistan tərəfindədir. Ermənistan üzərinə götürdüyü öhdəliklər var. Sülh müqaviləsi imzalanması üçün çərçivə müqaviləsi kontekstində hansı məsələləri üzərinə götürsə, onları yerinə yetirməlidir. Kommunikasiya açılması ilə bağlı məsələləri həll etməlidir ki, nəhayət, tərəflər arasında real sülh müqaviləsi imzalansın və bölgəyə sözün həqiqi mənasında sülh və sabitlik gətirilsin”.
Nəzrin Salmanova
20:25 28.08.2025
Oxunuş sayı: 853