Ptolemey xəritəsinin izi ilə: Torpaqqalada Qafqaz albanlarının mirası




Qax rayonunun Lələli kəndində yerləşən Torpaqqalada 2023-cü ildə başlanan arxeoloji tədqiqat işləri davam etdirilir. Cari mövsümdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şimal-qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə abidədə tədqiqat işləri aparıb.
İnstitutdan Crossmedia.az-a bildirilib ki, Torpaqqala Lələli kəndinin şərq tərəfində, Qapıçayın Qanıx (Alazan) çayına töküldüyü mənsəbinə yaxın hissədə, onun sol sahilində yerləşir. Abidənin ümumi ərazisi 20 hektara yaxındır. Torpaqqala üç hissədən ibarətdir: yaşayış yeri, istehkam hissəsi və nekropol. Torpaqqalada istehkam hissə 50x70 metr ölçüdə 0,35 hektar ərazini əhatə edir. Ümumi yerləşmə vəziyyətinə görə cənub-qərb nöqtəsində müşahidə və müdafiə məqsədi daşıyan istehkamın bütöv kənarı boyu köbə davam edir. Həmin köbələr istehkamın müdafiə divarının izləridir. Arxeoloji qazıntılar nəticəsində Torpaqqalada Erkən Dəmir, Antik, İlk və Klassik Orta əsrlər dövrü təbəqələri müəyyən edilib. Tədqiqatlar göstərir ki, məntəqədə sıx yaşayış Son Antik dövrdə və İlk Orta əsrlərdə olub.
İstehkam hissədə açılan divarlar kənar hissədə bünövrəsi çay daşından olmaqla çiy kərpicdən inşa edilib. Daxili otaqlar isə gil möhrə divardan hazırlanıb. Döşəmənin suvaq işlərində kirəc məhlulundan istifadə olunub. Torpaqqalada bu il ilk dəfə mərkəzdə yerləşən yaşayış hissəsinin kənarlarında üç müxtəlif istiqamətdə nekropol müəyyən edilib. Cənub hissədə Antik dövr nekropolu, qərb hissədə İlk Orta əsrlər nekropolu, cənub-şərq hissədə isə Klassik Orta əsrlər nekropolu yerləşir.
Qazıntılar nəticəsində aşkar olunmuş saxsı nümunələri küpə, küp, qazan, vaza, cam, bardaq, dopu tipli qablara məxsus olmaqla qara, qırmızı, boz, sarı-qırmızımtıldır. Gil məmulatı içərisində zoomorf və antropomorf formalı uşaq oyuncaqları, toxuculuq sənəti ilə bağlı nümunələr, gil tülkü fiquru kimi maraqlı tapıntılar da yer alır. Saxsı məmulatı üzərində sənətkarlara məxsus möhür izləri, müxtəlif işarələr də maraq doğurur. Maddi mədəniyyət nümunələri içərisində daş, obsidian, dəmir ox ucluğu, sümük və kömür qalıqları da yer tutur.
Tapıntılar Antik dövrdə və İlk Orta əsrlərdə Torpaqqalada sənətkarlığın müxtəlif sahələrinin mövcud olduğunu göstərir. Maddi mədəniyyət nümunələri Mingəçevir, Qəbələ, Almalı Torpaqqalası (Qax) və Qıpçaqtəpənin (Qax) materialları ilə bənzərlik təşkil edir. Xatırladaq ki, 5 hektardan çox ərazini əhatə edən Qıpçaqtəpə yaşayış yeri və nekropolu Taleh Əliyevin rəhbərliyi ilə Şimal-qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası tərəfindən 2017-2018-ci illərdə elmi ədəbiyyata gətirilib, 2021-2022-ci illərdə isə Antik dövr nekropolunda torpaq qəbirlər öyrənilib.
Qeyd edək ki, Klavdi Ptolemey özünün “Coğrafiya” əsərində Qafqaz Albaniyasının 29 məntəqəsinin adını çəkir. Həmin məntəqələrin müəyyən hissəsi Ptolemeyin göstərdiyi xəritədə birinci və ikinci bölgə üzrə yayılıb. Albaniyanın Kambisena əyalətini əhatə edən həmin ərazi üzrə olan məntəqələr əsasən çay kənarlarında mövcud olub. Arxeoloji tədqiqatlar Torpaqqalanın həmin məntəqələrdən biri olması ehtimalını irəli sürməyə əsas verir.
Torpaqqala Erkən Dəmir dövrünün sonunda yaşayış yeri kimi formalaşıb, Antik dövrdə və İlk Orta əsrlərdə şəhərtipli məntəqəyə çevrilib. İlkin ehtimal olaraq Torpaqqalanın Klavdi Ptolemeyin Qanıx (Alazan) çayının lap yaxınlığında göstərdiyi alban yaşayış məntəqələrindən biri olan “İobula” və ya “Adiabla” ilə uyğunluğunu nəzərdən keçirmək olar. Eramızdan əvvəl 65-ci ildə romalılarla albanlar arasında baş vermiş Alazan döyüşünün məkanını da məhz Torpaqqala ətrafında axtarmaq zəruridir.
12:08 28.08.2025
Oxunuş sayı: 875