Zaqatalanın təhsil tarixində ilk: eyni ildə 5 məzun məktəbi qızıl nışanla bitirib


Ötən tədris ilinin nəticələrinə əsasən Zaqatala rayonunun ümumtəhsil məktəblərindən məzun olan 5 nəfər qızıl nişana layiq görülüb.
Crossmedia.az xəbər verir ki, bu göstərici rayonun təhsil həyatında ilk uğurlu nəticə kimi tarixə düşüb. Qeyd edək ki, indiyədək respublikanın heç bir kənd rayonu eyni ildə bu qədər yüksək nəticə əldə etməyib.
Əməkdaşımız bu günlərdə Zaqatala məzunları ilə görüşüb, onların uğur hekayələrini dinləyib, gələcək planları ilə maraqlanıb. Görüş yeri kimi Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü lisey seçilib. Çünki qızıl nişan sahiblərindən 3-ü məhz bu liseyin məzunudur. Digər məzunlar da müxtəlif müsabiqə və yarışlarda tez-tez bu təhsil ocağında bir araya gəldiklərindən məkan hər kəs üçün əlverişli idi.
“Sabahın alimləri” respublika müsabiqəsinin qalibi, ölkəmizi ABŞ-da təmsil edən Hacı Hacıyev ilə Vətən müharibəsi illərindən tanış idik. Onun atası, hərbçi zabit Abakar Hacıyev torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Hacı deyir: “Respublika müsabiqəsində qızıl medal qazandıq və Amerikada ölkəmizi uğurla təmsil etdik. Uşaqlıqdan kompüter sahəsinə marağım var. Buna görə də ADA Universitetində kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarını seçmişəm. İnşallah, bu sahədə də ölkəmə faydalı gənc olacağam”.
Liseyin digər məzunu, qızıl nişan sahibi Banu Musayeva isə Qarabağ Universitetində təhsilini davam etdirmək niyyətindədir. “Əziz Şuşa, sən azadsan” müsabiqəsinin qalibi olan Banu tibb sahəsini seçib və Qarabağda təhsil almağı arzulayır.
Nurlan Qurbanov isə 9-cu sinifdən respublika fənn olimpiadalarında iştirak edib və həmişə medalla geri dönüb. Ona görə də məktəbdə ona “alim” deyirlər. Nurlan biologiya üzrə 9-cu sinifdə bürünc, 10-cu sinifdə isə gümüş medal qazanıb. Bu il isə yüksək nailiyyətlərinə görə qızıl nişana layiq görülüb. O, gələcəkdə həkim olmaq istəyir.
Balacaboy, lakin uğurlu məzun Xəyalə Göxbarax kənd tam orta məktəbini bitirib. Dəfələrlə olimpiada qalibi olan Xəyalə atasının arzusu ilə riyaziyyat müəllimi olmaq və kəndinə qayıdaraq fəaliyyətini davam etdirmək istəyir. Onun sözlərinə görə, qazandığı uğurların əsas səbəbi anasının zəhmətidir. Anası dil-ədəbiyyat müəllimi olduğundan Xəyalə bütün müsabiqə və olimpiadalara onun dəstəyi ilə hazırlaşıb.
Digər qızıl nişan sahibi Əlibali Əlibəyov Əliabad qəsəbəsinin 4 nömrəli tam orta məktəbini bitirib. Uşaqlıqdan texnologiyaya marağı olan Əlibali 7-ci sinifdən robototexnika ilə məşğul olmağa başlayıb. O, “Teknofest”, Dünya Robot Olimpiadası, “Sabahın alimləri” müsabiqəsi və AİSEF kimi yarışlarda iştirak edərək təcrübə qazanıb. Əlibali deyir: “Məktəbdəki nəticələrim və topladığım bala görə qızıl nişana layiq görüldüm. Kompüter mühəndisliyi sahəsində təhsil almaq üçün ADA, Xəzər və ya Dövlət Neft və Sənaye universitetlərindən birini seçmək istəyirəm”.
Zaqatalanın təhsil həyatında tarix yazan məzunlar müəllimləri ilə bir araya gələrək həm uğurlarını xatırladılar, həm də gələcək planlarını bölüşdülər.
Qeyd edək ki, ötən tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində 12 məzun qızıl, 3 nəfər isə gümüş medal qazanıb.(Azərtac)
10:35 26.08.2025
Oxunuş sayı: 797