Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Crossmedia.az xəbər verir ki, abituriyentlər (həmçinin
subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet
saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə
“iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727
nömrəsinə göndərməklə öyrənə bilərlər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik
edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28
avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında
qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən
xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan
qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı
məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin
müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun
qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak
edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə
qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında,
29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq
hüququ əldə edib.
Xatırladaq ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88
nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının
qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə
qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 569 abituriyent SAT imtahanının nəticələrinə əsasən,
107 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Həmçinin, I ixtisas qrupu üzrə 190 abituriyent Azərbaycan –
Fransız Universitetinə (UFAZ), 96 abituriyent Bakı Mühəndislik Universitetinə
(Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas
qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Bakı filialına, 16 abituriyent (I-IV ixtisas qrupları üzrə)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı
“Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı
avqustun 24-də əldə edə biləcəklər. Bu nömrədə eyni zamanda həm təhsili ödənişli
əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan
yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları dərc olunacaq. Məlum
olduğu kimi, keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən
abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin
imtahan nəticələrindən asılı olur. İxtisas seçimindən öncə müsabiqə vəziyyəti təhlil
olunarkən xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən
abituriyentlərə öz istəkləri ilə yanaşı, müsabiqə vəziyyətinin reallıqlarının nəzərə
alınması tövsiyə olunmuşdur. Lakin bəzən abituriyentlər yenə də məhdud sayda
ixtisas seçirlər. Məsələn bu qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa
da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən
keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul
olunublar və keçid balı yüksək olub. Verilmiş cədvəldə IV ixtisas qrupu üzrə
ixtisaslar və minimal keçid balları, qəbul olunanların sayı, eləcə də plan yerləri
ilə tanış ola bilərsiniz.
Növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının
7-ci sayında müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul
olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim
olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin
siyahısı da veriləcəkdir.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək
internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin
boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin
(kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili
müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində
“Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.
22:32 22.08.2025
Oxunuş sayı: 699