Böyük oyun gedir, Respublikaçılar növbəti seçkilərə hazırlaşır- professor detalları açıqladı

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
“Alyaska və Vaşinqtonda keçirilən görüşlərdə Rusiya daha qazanclı çıxdı. Birincisi, onu qeyd edim ki, ABŞ-nin təhdidləri, o cümlədən Rusiyaya danışıqlara başlamaq üçün vaxt qoyması, sanksiya xəbərdarlıqları heç bir nəticə vermədi. Əksinə, Rusiya vaxt uddu. Rusiya–Qərb münasibətləri yeni konfiqurasiyaya keçdi”.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin dörd çağırş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib.
“Birincisi, Ukraynanın NATO-ya qəbul olunması mümkün deyil – bu artıq fakt kimi təsdiq olundu. İkincisi, NATO-nun sülhməramlı qoşunları Ukraynaya girə bilməz. Üçüncüsü, ABŞ rəsmi şəkildə bəyan etdi ki, Ukrayna üçün öz hesabından bir dollar da ödəməyəcək. Bütün vəsaitlər – əgər hərbi yolla olarsa – silah və sursat istehsal ediləcək, Avropaya satılacaq və Avropa öz hesabına onları Ukraynaya verəcək. Növbəti bir məqam – Ukrayna ABŞ-nin marağını daha çox cəlb etmək üçün təklif irəli sürdü. Bu, 100 milyard dollarlıq layihə idi- pulunu Avropa ödəyəcəyi təqdirdə Ukraynaya hərbi sursatlar ötürülməli idi. İndi isə ikinci layihə – 50 milyard dollar dəyərindədir: Ukraynada dron istehsalı. Bu məbləğin bir hissəsi Ukraynanın büdcəsi, əslində isə Avropa ölkələrinin verdiyi vəsait hesabına ödənəcək. Bu artıq ABŞ üçün böyük maraqlar yaradır. Ağ Ev rəhbəri Donald Trampın qazancı isə bundadır ki, bu il və gələn il ABŞ-da parlament, yəni Senat və Konqres seçkiləri keçiriləcək. Respublikaçılar burada mütləq qələbə qazanmalı, səs çoxluğuna nail olmalıdırlar. Bu isə iqtisadiyyatın inkişafından, inflyasiyanın müəyyən qədər cilovlanmasından, yeni iş yerlərinin açılmasından asılıdır. Bu məqamlar Respublikaçılar və şəxsən Tramp üçün ən mühüm məsələlərdir.Eyni zamanda yadımıza salaq: ABŞ ilə Avropa arasında böyük bir saziş imzalanıb. Burada söhbət 750 milyard dollarlıq, üçillik enerji resurslarından istifadədən gedir. Avropanın 600 milyard dollarlıq ABŞ-a investisiyaları nəzərdə tutulur. Bu, Trampın prezidentlik müddətinin sonuna qədər həyata keçiriləcək. Hər il Avropa 250 milyard dollar dəyərində ABŞ-dən enerji alacaq”, - o bildirib.
Siyasətçi qeyd edib ki, bütün bunlar Trampın gələcək seçkilərinə hesablanıb. Konstitusiya ona üçüncü dəfə seçilməyə icazə vermir, amma o, artıq üç nəfərin adını çəkib və burada böyük oyun gedir: “Oyunun nəticəsində Respublikaçılar Partiyasının nümayəndəsi kimi Trampın yaxın adamları prezident seçkilərinə hazırlaşacaq və qələbə qazanacaq. Ukraynaya gəldikdə isə deməliyəm ki, müharibə bu gün məhz o torpaqlarda gedir. Ölən Ukrayna xalqıdır. Ukraynadan poliqon kimi istifadə olunur. İqtisadi zəiflik isə daha çox Rusiyaya təsir edir. İnflyasiya 10 faizdən yuxarıdır, büdcə defisiti çox böyük rəqəmlərə çatır – Rusiyanın tarixində görünməmiş göstəricilərdir. İqtisadi artım sıfıra yaxınlaşır, yəni tənəzzül müşahidə olunur. Amma Rusiya hələ ki dözə biləcək – mənim proqnozum odur ki, bir il, hətta il yarım bu vəziyyət davam edə bilər. Burada yeganə qazanclı çıxan ABŞ olur – onun iqtisadi və maliyyə itkisi azdır. Ümumiyyətlə, makroiqtisadi göstəricilər baxımından ABŞ heç nə itirmir. Tramp artıq üç il yarımdan sonra keçiriləcək prezident seçkilərinə hazırlaşır. Əvvəlcə parlament seçkilərində qələbə qazanmalıdır ki, gələcək seçkilərə güclü baza ilə girsin. Onun məqsədi tarixi şəxsiyyət kimi qalmaq, hətta Nobel mükafatçısı olmaqdır. Mən hesab edirəm ki, bu ilin sonuna qədər proseslər müsbət formada həll olunacaq.
Lakin insanların həyat səviyyəsi – istər Rusiyada, istər Ukraynada, istər Avropada, hətta ABŞ-də– daha çox mənfiyə doğru gedir. Bu isə bütün ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir edir. Son üç ayda kənd təsərrüfatı məhsullarının qiymətləri, nəqliyyat xərcləri artıb, bütün dünyada itkilər müşahidə olunur.
Hətta bu gün aparıcı ölkələrdə yeni proqramlar həyata keçirilir – israf edilən qida məhsullarının atılmaması üçün istehlakçılara çağırış edilir. Məsələn, Britaniyada bir ildə atılan qida məhsulları təkbaşına Afrika qitəsindəki kasıb insanların ehtiyacını ödəyə bilərdi.
Beləliklə, bütün dünyada çoxvektorlu, problemli vəziyyət fonunda Azərbaycan mühüm məsələlərini həll edir. Buraya Ermənistanla sülh müqaviləsi, Zəngəzur dəhlizi, İranla problemlərin aradan qalxması kimi faktorlar daxildir. Rusiya ilə də dil tapılacaq, milli maraqlarımız hər şeydən üstün tutulacaq. Cənab Prezidentin müdrik siyasəti nəticəsində ölkəmiz inkişaf edir və biz inanırıq ki, belə də davam edəcək”.
Mehriban Yariyeva
21:22 22.08.2025
Oxunuş sayı: 1574
