Abituriyentlər kodlaşdırma qiymətlərinin baha olmasından narazıdır - Ciddi problem yaranıb

Abituriyentlərin ixtisas seçimi zamanı kodlaşdırma prosesi müzakirə mövzusuna çevrilib. Bəzi tədris mərkəzləri bu xidməti 150–200 manat qarşılığında təklif edir ki, bu da tələbələr üçün əlavə maliyyə yükü yaradır.
Ekspertlər bildirir ki, bu, abituriyentlərdən sui-istifadə və maliyyə məqsədilə baxmaq kimi qiymətləndirilə bilər. Dövlət İmtahan Mərkəzi abituriyentləri xəbərdar edir ki, kodlaşdırma prosesi yalnız sistemli və şəffaf şəkildə aparılmalıdır. Abituriyentlərin hüquqlarının qorunması üçün onlayn və tədris mərkəzləri vasitəsilə məsləhət imkanları mövcuddur.
Ekspertlər vurğulayır ki, kodlaşdırma yalnız ixtisas seçimi prosesini düzgün və ədalətli aparmaq məqsədilə istifadə edilməlidir. Abituriyentlərin əlavə ödənişlər qarşılığında bu xidmətdən faydalanmağa məcbur edilməsi qəbuledilməzdir. Belə hallar həm tələbələr üçün əlavə maliyyə yükü yaradır, həm də prosesin şəffaflığına xələl gətirə bilər.
Dövlət İmtahan Mərkəzinin açıqlamalarında bildirilir ki, abituriyentlərin tədris mərkəzlərindən məsləhət almaq hüququ vardır, lakin bu xidmət yalnız informasiya və dəstək xarakteri daşımalı, heç bir halda pul qazanmaq məqsədilə istifadə edilməməlidir.
Mövzu ilə bağlı fəlsəfə doktoru, dosent Rəşad Qardaşov Crossmedia.az-a açıqlama verib.
O, abituriyentlərə yardım edilməsini və əlbəttə ki, qarşılığının olmasının normal hal olduğunu amma buna maliyyə qaynağı kimi yanaşıb “bazara çevirməyin” yolverilməz olduğunu bildirib:
“Öncəliklə, mən ixtisas seçimi edən bütün abituriyentlərə uğurlar arzulayıram. Elə bir ixtisas seçmək lazımdır ki, əmək bazarında bu ixtisas həm bugün, həm dünən, həm də gələcəkdə ayaqlaşan bir ixtisas olsun. Pafoslu, adının yüksək səviyyədə səslənən bəzi ixtisaslarda əmək bazarında yer tapmamaq kimi problemlər də var. Ona görə də mənim abituriyentlərə ən böyük arzum odur ki, dayanıqlı ixtisaslara üstünlük versinlər.
Hər zaman kiminsə köməyə ehtiyacı ola bilər. İnsan kimdənsə kömək istəyə bilər. Ağıl ağıldan üstündür. Belə bir deyim var: “Bir əlin nəsi var, iki əlin səsi var.” Hər kəs öz doğru bildiyini, düz bildiyini başqasına məsləhət kimi verə bilər. Bu bir adam da ola bilər, beş adam da, hətta iyirmi adam da. Bu normal haldır.
Lakin bunu geniş bir bazara çevirmək və səbirsizliklə gözləmək ki, ilin sonunda abituriyentlər ixtisas seçəcək, yüzlərlə abituriyenti növbəyə qoymaq və onlara maliyyə qaynağı kimi baxmaq düzgün deyil. Dövlət İmtahan Mərkəzi, qurum olaraq, abituriyent məsləhətxanası deyilən bir yer açıb. Yəni, abituriyentlər oradan məsləhət ala bilərlər. Dövlət İmtahan Mərkəzi müvafiq qurumları, sektorları daim 24 saat işləyir və onlayn da fəaliyyət göstərir, həftə ərzində müvafiq saatlarda məsləhət verir.
Əsas məsələ budur ki, hər hansı bir qrup üzrə ixtisaslaşma aparırsansa, ondan əvvəl çıxan jurnallardan həmin qrup üzrə rəqabət müəyyənləşir və qrup və bal üzrə plan yerləri və sənəd verənlərin sayı müəyyən olur. Siz oradan avtomatik nəticə çıxara bilərsiniz, balın yüksək və ya aşağı olduğunu görə bilərsiniz. Mənim şəxsi fikrim budur ki, kütləvi şəkildə, məlumatsızlıqdan yaranan bu yanaşma düzgün deyil. Əlbəttə ki, kömək ola bilər və müəyyən əziyyət qarşılığı da normal haldır. Lakin buna maliyyə qaynağı kimi baxıb, faciəvi qiymət təyin etmək yolverilməzdir.
Kodlaşdırma məsələsinə gəldikdə isə, problem yoxdur. Məsələn, abituriyent bilir ki, universitetin hansı fakültəsinə gələcək və balını toplayıb. Balları proporsionalıqlara bölsək: kafi (güclə bariyeri keçən 0–250/300 bal), orta (250/300–500/600 bal), yüksək (600-dən yuxarı, 700 bal). Problem yalnız keçid balını çətinliklə toplamış, amma yerdəyişmə prinsiplərinə uyğun hərəkət edən abituriyentlər üçün ortaya çıxır. Kodlaşdırma da bu kontekstdə problem olmamalıdır.
Bugün Bakı şəhərində hər kəsin əli tədris mərkəzlərinə çatır. Onlayn da bu mümkündür. Dövlət İmtahan Mərkəzi bu sahədə müəyyən işlər görür və problemi aradan qaldırır. Hər kəsin rahatlıqla kodlaşdırma edə bilməsi üçün şərait yaradılır.
Konkret olaraq, 150–200 manatlıq bir kodlaşdırma və ya əlavə haqq qəbul edilə bilməz. Hər bir abituriyentin hüququ var ki, dövlətin yaratdığı təhsil imkanlarından faydalansın. Bu, standartlaşdırıla bilməz.
Ümumiyyətlə, kodlaşdırma və ixtisas seçimi ilə bağlı bir sistem olmalıdır ki, abituriyent yalnız bir dəfə kodlaşdırılsa, nəticələr avtomatik müəyyən olunsun və problem yaşanmasın. Pul qazanmaq məqsədilə abituriyentləri bu sistemə cəlb etmək qəbuledilməzdir.
Bəzi tədris mərkəzləri icarəyə yer götürür və işçilərinin maaşlarını verməlidir. Amma burada balanslı xətt yaradılmalıdır. Təbii ki, sən kodlaşdırma etdikdə abituriyent sənin əməyinin qarşılığında sənə hörmət edəcək. Lakin faciəvi qiymət təyin etmək mənasızdır. Tədris mərkəzləri abituriyentin ixtisas seçimlərini idarə edir, amma heç bir şəkildə abituriyentlərdən əlavə pul tələb etməməlidirlər. Dövlət İmtahan Mərkəzi də abituriyentlərin hüquqlarını qoruyur.
Kodlaşdırma yalnız sistemli və şəffaf şəkildə aparılmalıdır. Abituriyentlər yalnız məlumatlandırılmalı və öz ixtisas seçimləri ilə bağlı düzgün qərar verə bilməlidirlər”.
Nicat Rüstəmzadə
14:17 19.08.2025
Oxunuş sayı: 715