Bəxtiyar Vahabzadə-100: Azərbaycan ədəbiyyatının və milli mübarizənin simvolu

Bu gün, 16 avqust 2025-ci il, Azərbaycan ədəbiyyatının və milli azadlıq hərəkatının görkəmli simalarından biri olan Bəxtiyar Vahabzadənin 100 illik yubileyidir. 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olan şair, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadə, ömrünün 83 ilini xalqının dilini, mədəniyyətini və azadlığını qorumağa həsr etmişdir. Onun yaradıcılığı yalnız şeir və pyeslərlə məhdudlaşmır, həm də milli şüurun oyanışında mühüm rol oynamışdır. Bu yubiley münasibətilə Bəxtiyar Vahabzadənin həyatını, əsərlərini və maraqlı faktlarını xatırlayaraq, onun mirasını bir daha dəyərləndirək.
Şəkidən Bakıya uzanan yol:
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində, sadə bir fəhlə ailəsində dünyaya gəlmişdir. Onun doğma atası Zəkəriyyə Vahab oğlu, anası isə türk-müsəlman qadını Xanım Məcid qızı idi. Lakin maraqlı bir fakt odur ki, Bəxtiyar övladı olmayan Mahmud Zəkəriyyə oğlu Vahabov və həyat yoldaşı Gülzar Allahverdi qızı tərəfindən himayəyə götürülmüşdür. Jurnalist Şirməmməd Hüseynovun iddiasına görə, Gülzar xanım 1905-ci il erməni-müsəlman qırğınları zamanı Vartaşendən (indiki Oğuz rayonunun Söyüdlü kəndi) Şəkiyə gətirilmiş erməniəsilli qadın olmuşdur.Bu səbəbdən Bəxtiyar uşaqlıqdan Zəkəriyyəni babası, Xanımı nənəsi, Gülzar xanımı isə anası kimi tanımışdır. 1934-cü ildə, 9 yaşı olanda ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış (1942–1947), daha sonra aspiranturada "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası ilə filologiya elmləri doktoru və professor olmuşdur.
Şeirdən pyesə, milli dərdlərin carçısı:
Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeiri ilə başlamışdır. O zamandan etibarən dövri mətbuatda şeirləri, elmi məqalələri və rəyləri müntəzəm çap olunmuşdur. İlk kitabı "Mənim dostlarım"da faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əks olunmuşdur. Onun lirik şeir və poemalarında müasir problemlər lirik-fəlsəfi planda təsvir edilir. Şair 70-dən artıq şeir kitabı, 2 monoqrafiya, 11 elmi publisist kitab və 20-dən artıq irihəcmli poema müəllifidir."İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" kimi pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Şairin əsərlərində vətən sevgisi, millət, ailə, təbiət, dil və azadlıq həsrəti mövzuları ön plandadır. Xüsusilə, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmişdir. Bu poema səbəbindən 1962-ci ildə "millətçi" damğası ilə universitetdən çıxarılmış, lakin 2 ildən sonra işə bərpa edilmişdir. Professor Şirməmməd Hüseynovun qeydinə görə, onu işdən çıxara bilməmişdilər, çünki bu ciddi ajiotaja səbəb ola bilərdi; əvəzinə doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərmişdilər. Sovet rejimində milli dərdləri rəmzlərlə ifadə etmiş, diktaturanı ifşa edən əsərlərini isə "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. Əsərləri ingilis, fransız, alman, fars, türk, polyak və digər dillərə tərcümə olunmuşdur.
Azadlığın öncüsü:
Bəxtiyar Vahabzadə 1960-cı illərdən milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv, bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurası (Milli Məclis) üzvü, 1995 və 2000-ci illərdə Milli Məclisə deputat olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1981), Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyəti və Ağsaqqallar Şurasının üzvü idi (1991). Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), həqiqi üzvü (2000) seçilmişdir.
Maraqlı fakt: 1990-cı ildə 20 Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə xalqa divan tutan rus hərbçilərini təhqir edib və hətta generalın üzünə tüpürüb. Bu hadisə onun cəsarətini və milli ruhunu nümayiş etdirir. O, "Şəhidlər" poemasını yazaraq 20 Yanvar faciəsini və Sovet rejimini kəskin tənqid etmişdir. Bəxtiyar Vahabzadə Azərbaycançılıq ideologiyasının banilərindən biri sayılır və öz dövrünün siyasi rejiminin çərçivəsində belə milli haqsızlıqlara qarşı mübarizə aparmışdır.
Ayhan
17:22 16.08.2025
Oxunuş sayı: 669