907-ci maddənin icrası dayandırıldı: Tarixi ədalətsizlik aradan qaldırıldı – Deputat

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla bağlı mühüm qərar qəbul edib. O, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb. Sənəd artıq Federal Reyestrdə dərc olunub və qüvvəyə minib.
Bu qərar Vaşinqtonun Bakı ilə əməkdaşlığa önəm verdiyini göstərir. Maddənin icrasının dayandırılması Azərbaycanın regionda ABŞ-la tərəfdaşlıq, hərbi əməkdaşlıq imkanlarını genişləndirə bilər. Eyni zamanda, bu addım Cənubi Qafqazda sülh və sabitlik üçün də xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputat Azər Badamov Crossmedia.az-a açıqlama verib.
Deputat, Trampın 907-ci maddəyə edilmiş ədalətsiz düzəlişi birdəfəlik tarixin arxivinə göndərdiyini bildirib: “ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalaması tarixi ədalətsizliyin aradan qaldırılmasıdır. Çünki 1992-ci ildə bu düzəlişin tətbiq olunmasının heç bir əsası yox idi. O vaxt hakimiyyətdə olanların fəaliyyətsizliyi nəticəsində Azərbaycanın informasiya blokadasında olması ucbatından ərazilərimiz işğal olunduğu halda, beynəlxalq səviyyədə ölkəmizi sanki bir işğalçı kimi qələmə vermişdilər. Ona görə də uzun illər Azərbaycan bu haqsızlığı yaşamalı oldu.
Sonradan ABŞ Azadlığa Dəstək Aktının 907-ci maddəsinə edilmiş düzəlişi Azərbaycana təzyiq aləti kimi istifadə etdi. Belə ki, Əfqanıstanda məqsədlərinə çatmaq üçün Azərbaycana ehtiyac olanda 907-ci düzəlişi dayandırdılar. Amma Əfqanıstanda iş başa çatandan sonra Bayden-Blinken Administrasiyası erməni lobbisinin təzyiqi altında 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Donald Tramp 907-ci düzəlişin fəaliyyətini dayandırdı. Bu, dövlət başçımızın Tramp Administrasiyası ilə apardığı uğurlu siyasət sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük bir maneənin aradan qaldırılmasıdır. Donald Tramp 907-ci maddəni, ədalətsiz düzəlişi birdəfəlik tarixin arxivinə göndərdi. Çünki Vaşinqtonda əldə olunmuş razılaşmaya görə Zəngəzur dəhlizi – “Tramp yolu”nun açılması ilə bağlı Ermənistanla sənəd imzalanıb. İndiki halda kommunikasiyaların açılması ABŞ və Ermənistandan asılı məsələdir. Onlar bu işə nə qədər çevik yanaşsalar, Zəngəzur dəhlizi də bir o qədər tez açılacaqdır. Bu həm də 1992-ci ildə 907-ci maddəyə müvafiq düzəlişin edilməsinə göstərilən əsasın birdəfəlik aradan qalxması deməkdir.
Bu baxımdan, Azadlığa Dəstək Aktının 907-ci maddəsinə düzəlişin fəaliyyətinin dayandırılmasının ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunması və burada federal qurumlar, həmçinin prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər sənədlər arasında yer alması sadəcə rəsmi prosedurdur. Azərbaycan-ABŞ münasibətləri artıq heç bir maneə olmadan dövlət başçılarımız arasında formalaşmış səmimi dostluq üzərində strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir”.
Nicat Rüstəmzadə
12:17 16.08.2025
Oxunuş sayı: 4764