Ukrayna Rusiyanın reaktiv dronlarına qarşı yeni silahlar alacaq
Finlandiyanın Ukraynaya göndərəcəyi növbəti hərbi yardım paketinə Rusiya istehsalı reaktiv dronlarla mübarizə aparmaq üçün F-16 qırıcılarına lazım olan silahlar daxil ediləcək.
Crossmedia.az xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında açıqlayıb.
Zelenski Finlandiya Prezidenti Aleksandr Stubblə söhbəti zamanı Moskvanın neft məhsullarının ixracından əldə etdiyi gəlirləri də müzakirə etdiklərini bildirib. O, Ukraynaya dəstəyinə görə Stubbə təşəkkür edib və yeni şəraitdə faydalı ola biləcək addımların hazırlanaraq əlaqələndirildiyini vurğulayıb.
Bu müzakirələrin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığından sonra əldə olunan dizel yanacağının tədarükü razılaşması ilə əlaqəli olduğu bildirilir.
Yanacağın qiymətinin artması səbəbindən ABŞ-də aralıq seçkiləri öncəsi çətinliklərlə üzləşən Tramp oktyabrda Rusiyadan 300 min tondan çox, noyabrda isə əlavə 500 min ton dizel yanacağının ixrac ediləcəyini açıqlayıb. Zelenski bu qərarı tənqid edib.
Rusiya tərəfi də dizel yanacağının ABŞ bazarına tədarükünü dərhal bərpa etməyə hazır olduğunu təsdiqləyib. Bununla belə, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak daha əvvəl xarici tərəfdaşlara satışın ölkədə istehsal artıqlığı yarandıqdan sonra başlanacağını bildirmişdi. Kütləvi informasiya vasitələrinin məlumatına görə, Rusiya hökuməti istehsalçıların ixrac üçün müəyyən həcmdə yanacağı oktyabrın sonunadək toplaya biləcəyini istisna etməyib.
17:42 10.10.2026
Oxunuş sayı: 66