Qazaxda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb



“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax rayonunda Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin əməkdaşları arasında keçirilmiş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin
direktoru Ceyhunə Hüseynova Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı
islahatların əsasını təşkil etdiyini söyləyib. O bildirib ki, bu sənəd dövlətin
hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş
hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit edib. Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik
İli” elan olunub. Bu Sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində
yol açmasında əsaslı rol oynayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm
hadisəsi tarixi torpaqlarımızın işğaldan azad edilməsi olub. Azərbaycan xalqı
bu gün müstəqil, suveren, qalib dövlətə sahibdir. Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və
xalqımızın birliyi sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa
olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edilib. Otuz ilə
yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarının azad edilməsi hər bir
azərbaycanlını qürurlandırır, xalqımızın qüdrətini, gücünü, yenilməzliyini bir
daha bütün dünyaya nümayiş etdirir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin
sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək Prezident İlham
Əliyevin qətiyyətli siyasəti nəticəsində suverenliyimizin bərpasından danışıb.
O vurğulayıb ki, bu gün müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsindədir.
Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələr
eyni zamanda, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verir.
Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri
sürətlə davam etdirilir.
Sonda münsiflər heyəti tərəfindən I yerə layiq görülmüş
Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin mütəxəssisi
Nərmin Musayeva, II yerin sahibi Qazax rayon M.P.Vaqifin və M.V.Vidadinin Xatirə
muzeyinin kiçik elmi işçisi Esmira Qəribova, III yerin sahibi Qazax rayon
Aslanbəyli kənd folklor evinin müdiri Qənirə İsmayılova müsabiqəyə təqdim
etdikləri məqalələrini oxuyublar.
Qaliblərə və məqalələri fərqləndirilmiş digər iştirakçılara
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin fəxri fərmanları
və hədiyyələri təqdim olunub.
21:23 15.08.2025
Oxunuş sayı: 951