Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər Bakı Dövlət Universitetində (BDU) olub.
Bu barədə Crossmedia.az-a BDU-dan bildirilib.
Görüşdə BDU-nun rektoru Elçin Babayev türkdilli dövlətlərin özünün intibah dövrünü yaşadığını qeyd edib. O bildirib ki, türk dövlətlərinin universitet və akademiyaları arasında əməkdaşlıq daha da genişləndirilməli, ənənəvi humanitar və sosial sahələrlə yanaşı, təbiət elmləri istiqamətində və fənlərarası sahələrdə layihələr çoxaldılmalıdır. Bu baxımdan oktyabrın 28-31-də BDU, Beynəlxalq Türk Akademiyası və TÜBA ilə Bakıda birgə keçiriləcək Süni intellekt etikası üzrə beynəlxalq tədbir xüsusi önəm daşıyır.
Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər TÜBA-nın Azərbaycanla akademik əməkdaşlığı daha da gücləndirməyi hədəflədiyini vurğulayıb. O qeyd edib ki, TÜBA Azərbaycanın əsas elm və təhsil məbədi olan BDU ilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Görüşdə BDU və TÜBA arasında birgə elmi layihələrin və akademik təşəbbüslərin həyata keçirilməsi də müzakirə olunub.
17:10 13.08.2025
Oxunuş sayı: 593