Tarixi uğur: "ATƏT-in Minsk Qrupu buraxılır, Ermənistan konkret öhdəliklər götürür"

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində diplomatik səylər davam etdirilir. Bu kontekstdə bu gün, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfərlə ABŞ-a yola düşüblər. Səfərin məqsədi bölgədəki gərginliklərin aradan qaldırılması, davam edən sülh prosesinin irəliləməsi və beynəlxalq vasitəçilərin iştirakı ilə yeni razılaşmaların əldə olunması perspektivlərini müzakirə etməkdir. Rəsmi Vaşinqtonun təşəbbüsü ilə baş tutan bu səfər regionda tarazlığın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
Gözlənilən görüşlə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Crossmedia.az-a açıqlama verib: “Bu gün Vaşinqtonda Ağ ev rəhbəri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşü planlaşdırılır. KİV-in verdiyi məlumatlara görə Azərbaycanla Ermənistan arasında sülh memorandumunun, hətta sülh müqaviləsinin imzalanması gözlənilir. Əgər bu baş tutarsa, şübhəsiz , avqustun yeddisi beynəlxalq gündəliyə tarixi gün olaraq düşəcək. Sual oluna bilər, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın iki şərti necə olsun? Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun buraxılması məsələsi həllini bu gün tapa bilər. Konstitusiyada dəyişikliklərlə bağlı isə, Ermənistan konkret öhdəlik götürə bilər”.
Deputat həmçinin bildirib ki, mövcud geosiyasi şərait sülh müqaviləsinin imzalanmasını tələb edir: "Gecikmək olmaz. Hər kəsə bəllidir ki, son zamanlar Cənubi Qafqaza nəzarət uğrunda geosiyasi rəqabət güclənib. Şimal qonşumuz isterik şəkildə var gücü ilə təbliğat maşınını, təsir imkanlarını işə salıb. Qafqaz öz tarixinin ən məsuliyyətli günlərini yaşayır. Biz Azərbaycan olaraq, gələcəyə baxmalıyıq, inkişafa, tərəqqiyə köklənməliyik. Şübhəsiz, Zəngəzur dəhlizinin, ümumiyyətlə, kommunikasiyaların açılması, iki dövlət arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Vaşinqton görüşü bölgədə dayanıqlı sülhün əldə olunması üçün, əhəmiyyətli təkan olacaq”.
Ayhan
16:14 07.08.2025
Oxunuş sayı: 1058