Dollar-qızıl qarşıdurmasının sonu – Üstün kağız olacaq, ya daş?

Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 27,57 ABŞ dolları və ya 0,81 % artaraq 1 troy unsiyası üçün 3 427,37 ABŞ dolları təşkil edib. Sentyabr ayı üçün gümüş fyuçersləri isə 1,13 % artaraq 1 unsiya üçün 37,347 ABŞ dolları olub.
Dollar indeksi (ABŞ-nin ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) eyni zamanda 0,34 % azalaraq 98,8 bənd təşkil edib. Dolların zəifləməsi qızıla tələbi dəstəkləyir və onu başqa valyutada satın almaq üçün daha əlçatan edir. Burdan isə sual ortaya çıxır dollar-qızıl-dollar qarşıdurması nə qədər müddət davam edəcək.
Sözügedən tendensiya barədə Crossmedia.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli dolların qiymətinin ucuzlaşmasının qızıl, hətta qızılla ölçülən bütün əmtəələrin qiymətlərinə artırıcı təsir göstərdiyini qeyd edib:
“Dolların qiymətinin ucuzlaşması nəzərə almalıyıq ki, qızılın qiymətinə də artırıcı təsir göstərir. Təkcə qızıl yox, əmtəələrin qiymətinə də, yəni qızılla ölçülən bütün əmtəələrin qiymətinə artırıcı təsir göstərir. Sanki tərəzidə bir qızıldır, bir də dollardır. Təbii ki, dəyəri düşəndə daha çox dollar tələb olunur ki, tərəzi tarazlığı bərpa eləsin. O ki qaldı, qızılın bundan sonrakı qiymətinin dəyişməsinə dolların məzənnəsi, təbii ki, buna təsir göstərəcək. Dediyim kimi, bu, tərəzi prinsipidir. Misal üçün, əvvəl min dolların çəkisi ağır idi və müəyyən qədər on qram qızılı saxlayırdı. İndi isə o on qram qızılı saxlamaq üçün min dollar deyil, 1200-1300 dollar lazım olur".
Ekspert, həmçinin qızılın qiymətinin bahalaşmasının tək dolların ucuzlaşması ilə bağlı olan məsələ olmadığını bildirib:
“Qızılın qiymətinin bahalaşması tək dolların qiymətinin ucuzlaşması ilə bağlı məsələ deyil. Dollar bu ilin yanvarından ucuzlaşır, amma qızıl son üç-dörd ildə bahalaşır. Bu qızılın bahalaşmasının ǝsas səbəbi qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər, ticarət müharibələri, ABŞ-nin digər dövlətlərlə apardığı savaşlardır. Həmçinin sanksiyalar, Mərkəzi Bankın siyasətləri də prosesə təsir edir".
Elmir Heydərli
16:36 05.08.2025
Oxunuş sayı: 946