Təhsil sistemində fırıldaqçılıq: Diplom alırsan amma...

Son illərdə xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması prosesi cəmiyyətin diqqət mərkəzində olan mövzulardan birinə çevrilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı son məlumata əsasən, 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək 53 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib. Bu, təhsilin keyfiyyəti və etibarlılığı ilə bağlı ciddi suallar doğurmaqla yanaşı, sistemin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu da gündəmə gətirir. Bundan əlavə, tanınmadan imtina edilmiş 12 nəfərin saxta tanınma şəhadətnaməsi əldə etməyə çalışdığı da müəyyən olunub. Agentliyin məlumatına görə, belə hallarla bağlı hüquqi tədbirlər görülür və müvafiq qurumlara məlumatlar ötürülür. Məlumdur ki, saxta sənədlərlə təhsil sisteminə daxil olmaq cəmiyyətdə etimadı sarsıdır və təhsilin nüfuzuna zərbə vurur. Bu baxımdan, sistemin şəffaflaşdırılması və hüquqi nəzarətin gücləndirilməsi bu cür halların qarşısını almaq üçün əsas addımlardan biri sayılır.
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Crossmedia.az-a açıqlama verib:
“Bütün sahələrdə olduğu kimi təhsildə də müəyyən işbazlar, fırıldaqçılar var. Buna görə də ilk növbədə vətəndaşlar özləri diqqətli olmalıdırlar. Hansısa təhsil şirkəti ilə iş görmək istəyirlərsə həmin şirkətin fəaliyyəti ilə tanış olmalı, müxtəlif kanallar vasitəsilə şirkətin güvənliliyinə əmin olmalıdırlar. Sonra mütləq hüquqi qüvvəyə malik müqavilə imzalanmalı və burada bütün vacib şərtlər, o cümlədən konpensasiya da qeyd olunmalıdır. Bu zaman müəyyən mənada həmin şirkətlərin də məsuliyyəti artar. Əgər tələbənin rəsmi müqaviləsi varsa və şərtlər yerinə yetirıməyibsə, bu halda diplomu tanınmayıbsa, tələbə yalnız hüquqi yolla məhkəməyə müraciət edərək haqqını tələb edə bilər. Elm və Təhsil Nazirliyi bu halda heç bir ciddi təsiredici gücə malik deyil. Sadəcə olaraq nazirlik tez-tez marifləndirici işlər aparmalı, diplomu tanınan və tanınmayan Universitetləri cəmiyyətə tanıtmalıdır”.
Ayhan
16:20 02.08.2025
Oxunuş sayı: 691