Vahid Əhmədov: “Azərbaycan qazının ixracını sərbəst şəkildə həyata keçirir və bunu heç kimlə razılaşdırmır”

Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib ki, Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir.
Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri - İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir.
"Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir", - deyə Şahhüseynov vurğulayıb.
O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: "Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır".
Azərbaycan təbii qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya tədarükünə başlanması iki dost və qardaş xalq üçün tarixi əhəmiyyətə malik hadisədir. Bu mühüm addım Azərbaycan və Suriya arasında artan strateji əməkdaşlığın praktiki təzahürüdür. Təbii qazın Suriyaya çatdırılması barədə razılaşma iyulun 12-də Bakıda keçirilmiş və Suriya Prezidenti Əhməd əş-Şaranın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılan danışıqların nəticəsi olaraq formalaşıb. Rəsmi Bakının bu təşəbbüsü təkcə iqtisadi əməkdaşlığın deyil, eyni zamanda regional sabitlik və humanitar həmrəyliyin gücləndirilməsi baxımından da mühüm rol oynayır.
Mövzu ilə bağlı Milli Məclisin sabiq deputatı, tanınmış ictimai-siyasi xadim, iqtisadçı – alim Vahid Əhmədov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan qazının ixracı hazırda gündəmdə olan məsələlərdəndir. Çünki Avropada da çətin vaxtlarda, Rusiya qazını almayanda Azərbaycan bu işdə yaxından iştirak etdi. Suriyada baş verən son hadisələr - Bəşər Əsəd rejiminin dəyişməsi, yeni qüvvələrin hakimiyyətə gəlməsi və Türkiyə Cümhuriyyətinin mövcud rolu-bunların hamsını nəzərə alaraq Suriya-Azərbaycan arasındakı qaz mübadiləsini çox müsbət dəyərləndirirəm. Burada heç bir problem də yoxdur. Azərbaycan öz qazının ixracını sərbəst şəkildə həyata keçirir və bunu heç kimlə razılaşdırmır. Çünki dövlət başçısının apardığı siyasət açıq və millətin xeyrinə olan siyasətdir”.
Ayhan
18:19 31.07.2025
Oxunuş sayı: 1592