Rusiya Kiyevə kütləvi hücum etdi: 6 ölü, onlarla yaralı

Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında bildirib ki, Rusiya qüvvələri ötən gecə Ukraynanın müxtəlif bölgələrinə 300-dən çox dron və ən azı 8 raketlə hücum edib. Onun sözlərinə görə, hücumların əsas hədəfi paytaxt Kiyev olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenski qeyd edib ki, raket və dron zərbələri nəticəsində Dnepr, Poltava, Sumı, Nikolayev, Kiyev vilayətləri zərər çəkib. Paytaxt Kiyev isə intensiv atəşin əsas hədəfi olub. Belə ki, hücum nəticəsində çoxsaylı yaşayış binalarına ziyan dəyib, bir çoxmərtəbəli binada isə bir giriş tamamilə dağılıb.
“Hazırkı məlumata görə, 6 nəfər həyatını itirib, onlardan biri altı yaşlı uşaq və onun anasıdır. Həlak olanların yaxınlarına başsağlığı verirəm. Onlarla yaralı var, hamısına lazımi tibbi yardım göstərilir”, – Prezident əlavə edib.
Zelenski hücumun miqyasına diqqət çəkərək vurğulayıb ki, bu hücumda Rusiya 300-dən çox drondan və 8 raketdən istifadə edib.
Bildirək ki, hazırda hadisə yerlərində xilasedicilər, yanğınsöndürənlər, tibb işçiləri və digər müvafiq xidmətlər fəaliyyət göstərirlər.
Fatimə Məmmədova
17:58 31.07.2025
Oxunuş sayı: 1412