Deputat İran haqqında sərt danışdı: "Bu təfəkkürlə XXI əsrdə mövcud olmaq mümkün deyil"

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.
"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.
Zəngəzur dəhlizinin açılması həm rəsmi Bakının, həm də Ankaranın gündəmindədir. Həm ikitərəfli, həm də Ermənistanla davam edən təmaslarda bu mövzunun da gündəmdə olduğuna şübhə olmamalıdır. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından kifayət qədər vacibdir.
Ermənistan da başa düşür ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün prioritetdir. Üstəlik, dəhlizin açılmasında maraqlı olan böyük güclər də var. Belə bir şəraitdə İrəvan sonsuza qədər müqavimət göstərə bilməz.
Milli Məclisin deputatı Asim Mollazadə bu fikirlərini Crossmedia.az-la bölüşüb.
O bildirib ki, Ermənistan dəhlizin açılmasında maraqlıdır: "Ermənistan xalqı da sabitik istəyir. Revanş marağında olanlar diaspor və keçmiş "Qarabağ klanıdır". Bölgədə sabitlik istəməyənlər növbəti müharibə arzusundadırlar. Ancaq Azərbaycan öz iradəsi nəticəsində istəyinə nail olacaq".
A.Mollazadənin sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil: "Rəsmi Tehran bunu dəfələrlə bəyan edib. İran Ermənistandan girov kimi istifadə etmək niyyətindədir. Bu təfəkkürlə XXI əsrdə mövcud olmaq mümkün deyil".
Parlamentarinin fikrincə, yaxın gələcəkdə sülh sazişinin imzalanması mümkündür: "Bunun üçün Azərbaycanın tələbləri yerinə yetirilməli- Ermənistan konstitusiyasını dəyişdirməli və Minsk Qrupunun ləğvi üçün birgə təşəbbüs göstərilməlidir. Bundan sonra sülh üçün əngəl qalmayacaq".
Kənan Novruzov
17:25 30.07.2025
Oxunuş sayı: 9094