Azərbaycan nefti bahalaşıb: Büdcəyə necə təsir edəcək?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 1,22% artaraq 70,33 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,48 ABŞ dollarına bərabər olub.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Müşahidə olunan tendensiya barədə Crossmedia.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan neftinin qeyd olunan qiyməti qoruyub saxlayacağını bildirib: "İlin birinci yarısı Azərbaycan neftinin orta ixrac qiyməti təqribən 74 dollar ətrafında olub. İlin ikinci yarısında yəni iyul ayı üçün neftin orta qiyməti 70 dollardan aşağı olmayıb. Hazırda dünya bazarında neft 70 dollara ixrac edilir. Gedişat isə onu göstərir ki, bu qiymət özünü qoruyub saxlayacaq, yaxud 70 dollar ətrafında olacaq. Bunun isə cari büdcəyə hər hansısa neqativ təsir edəcəyini düşünmürəm. Çünki ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsi profitetlə icra edilib yəni gəliri xərcindən üstün olub. Nəticə etibarilə hətta neftin qiyməti aşağı düşsə də, onun mənfi təsiri olmayacaq".
Mərkəz rəhbəri, həmçinin vəziyyətin dünyada gedən proseslərdən və bazarın buna münasibətindən aslı olduğunu qeyd edib: " Ümumilikdə isə hər bir hal dünyada gedən proseslərdən, bazarın buna münasibətindən və gələn gəlirlərdən aslı olacaq".
Elmir Heydərli
13:36 29.07.2025
Oxunuş sayı: 1735