Postsovet məkanında yeni mərhələ: "SOCAR"la "Naftogaz" arasında imzalanan müqavilə hər iki ölkə üçün strateji üstünlükdür"

Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb.
Bu barədə "Naftogaz"ın məlumat yayıb.
Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.
"Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib.
"Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik", - o əlavə edib.
Sözügedən müqavilənin əhəmiyyəti bardə Crossmedia.az-a danışan iqtisadçı- ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Gündüz Camalzadə söyləyib ki, SOCAR və "Naftogaz" şirkətlər qrupu arasında təbii qazın tədarükünə dair ilk müqavilənin imzalanması, regional enerji məhsulları bazarının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji hadisə kimi qiymətləndirilə bilər: "Sözügedən əməkdaşlıq Azərbaycanın enerji sektorunda müvafiq coğrafi məhsul bazarını genişləndirməklə yanaşı, həm də Avropa İttifaqı və Şərqi Avropa ölkələri üçün təchizat mənbələrinin diversifikasiyası baxımından əhəmiyyətli rol oynayacaqdır. Belə ki, Azərbaycanın təbii qazının Transbalkan marşrutu vasitəsilə Ukraynaya tədarükü ölkənin ənənəvi ixrac marşrutlarına (TANAP, TAP, Cənubi Qafqaz Boru Kəməri) alternativ kimi əlavə bir istiqamətin açılması deməkdir. Bu isə Azərbaycanın enerji sektorunda müvafiq məhsullar üzrə ixrac imkanlarını artırmaqla yanaşı, enerji məhsulları bazarlarında rəqabətqabiliyyətliliyini daha da möhkəmlənməsinə şərait yaradır. Qeyd olunan əhəmiyyətli saziş təkcə kommersiya xarakterli deyil, həm də siyasi və strateji kontekstdə qiymətləndirilməlidir. Azərbaycan və Ukrayna arasında enerji sektoru sahəsində başlanan əməkdaşlıq uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradır və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Ukraynanın enerji təhlükəsizliyinin artırılması, onun Rusiyadan enerji asılılığının azaldılması baxımından bu cür əməkdaşlıqlar həlledici rol oynaya bilər".
Müsahibimiz bildirib ki, bundan başqa Azərbaycanın təbii qazının Transbalkan dəhlizi vasitəsilə Avropanın mərkəzi və şərq hissələrinə çatdırılması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasına verdiyi töhfəni dah da artıracaqdır: "Bu addım həm də yaşıl enerjiylə bağlı tərəfdaş olduğumuz müvafiq layihələr çərçivəsində dayanıqlı təbii qaz mənbələrinin əhəmiyyətini bir daha gündəmə gətirir.Eyni zamanda Transbalkan marşrutu ilə təbii qaz nəqli mövcud boru kəməri infrastrukturunun səmərəli istifadəsinə imkan yaradacaqdır. Bu da əlavə kapital qoyuluşu tələb etmədən, mövcud resurslardan maksimum səmərəliliklə istifadə etməyə şərait yaradır. SOCAR üçün bu kimi sazişlər həm əməliyyat xərclərinin optimallaşdırılması, həm də təbii qazın fərqli coğrafi bazarlara çatdırılmasında rəqiblərinə münasibətdə üstünlük əldə etməsi deməkdir.Sazişdən irəli gələn tədarük Ukrayna üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Tədarük mənbələrinin şaxələndirilməsi, enerji asılılığının azaldılması və qış mövsümünə hazırlıq baxımından belə alternativlərin yaradılması, regional sabitlik və enerji sektorundakı müxtəlif məhsullar bazarında balansın qorunması baxımından önəmlidir. Nəticə olaraq sözügedən əməkdaşlıq hər iki ölkə üçün yalnız iqtisadi deyil, həm də strateji üstünlüklər vəd edir. Azərbaycanın təbii qaz ixracında yeni logistik imkanların dəyərləndirilməsi və Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da artırması, ölkənin beynəlxalq enerji sektorunda etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Həmçinin bu saziş postsovet məkanında enerji sektoruna dair əməkdaşlığının yeni mərhələyə keçdiyinin göstəricisi kimi də qiymətləndirilə bilər".
Kənan Novruzov
11:36 29.07.2025
Oxunuş sayı: 7954