Tarixi fakt: Almaniyanın Minsk Qrupunun tərkibinə daxil olması müzakirə olunurmuş...

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Almaniya ilə bağlı fikirləri Almaniyanın Cənubi Qafqaz regionundakı rolu və potensialı ilə bağlı yeni perspektivləri gündəmə gətirdi. O, qeyd edib ki, Almaniya Cənubi Qafqazın transformasiyasına mühüm töhfələr verə bilər. Bu yanaşma fonunda əsas diqqət Almaniya ilə Cənubi Qafqaz ölkələri – xüsusilə Azərbaycan arasında iqtisadi, texnoloji, enerji və infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlir. Lakin sual yaranır: Almaniya bu töhfəni konkret olaraq hansı sahələr üzrə əməkdaşlıqla reallaşdıra bilər? Belə bir əməkdaşlıq region ölkələrinin iqtisadi strukturuna və inkişaf modelinə hansı konkret təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu barədə Crossmedia.az-a açıqlama verib:
“Almaniya iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Həm də qədim dövlətçilik ənənələrinə malikdir. Almaniya Cənubi Qafqaz regionunda həmişə Azərbaycana maraqlı olub. Almaniya ilə Azərbaycanın tarixən bir biri ilə əlaqələri olub. Hələ XlX əsrin sonları XX əsrin əvvəllərində “Simens” daxil olmaqla bir sıra alman şirkətləri Azərbaycanda fəaliyyət göstərirdilər. ATƏT-in keçmiş Minsk Qrupunda da Almaniya çox çalışırdı. Hətta Azərbaycan mətbuatında da Almaniyanın bu qrupa daxil olması ilə bağlı geniş müzakirələr gedirdi. Almaniya Azərbaycanda gedən quruculuq işlərinə, əlbəttə ki, öz töhfəsini verə bilər”.
Parlamentarinin fikrincə, rəsmi Berlin bərpaolunan enerji sahəsində də Azərbaycanın gördüyü böyük işlərə kömək edə bilər: “Almaniya bərpaolunan enerji, iqlim dəyişikliklərinin qarşısının alınması məsələlərini ilk gündəmə gətirən dövlətdir. 2004-cü ildə cənab prezident İlham Əliyev Almaniyaya səfər etmişdi. Onda Almaniyada iqlim dəyişikliyi ilə bağlı böyük beynəlxalq konfrans keçirilirdi və konfransda prezident İlham Əliyevə mükafat verilmişdi. Bərpaolunan enerji ilə yanaşı, süni intellektlə bağlı da ciddi əməkdaşlıqlar edilə bilər. İstənilən halda Almaniya dünyanın inkişaf etmiş dövlətlərindən biridir və Azərbaycana öz töhfələrini verə bilər”.
Ayhan
19:57 28.07.2025
Oxunuş sayı: 1253