Avropa ABŞ silahlarına yönəlir: Ukraynanı təkbaşına dəstəkləmək çətinləşir

ABŞ-nin Ukraynaya hərbi dəstəkdən tədricən geri çəkilməsi və sülh səylərinin dayanması fonunda Avropa ölkələri Kiyevə yardım missiyasını davam etdirmək üçün yeni yollar axtarır.
Crossmedia.az xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, ABŞ-nin iştirakı olmadan Avropa Ukraynanı silahla təchiz etməkdə çətinlik çəkir.
Mənbələrin bildirdiyinə görə, bir sıra Avropa dövlətləri ABŞ-dən külli miqdarda silah almaq və daha sonra bu sistemləri Ukraynaya yönəltmək planı üzərində düşünür. Səbəb isə açıqdır: Avropa nə kifayət qədər silah ehtiyatına, nə də bu ehtiyatları sürətlə artırmaq üçün istehsal gücünə sahibdir.
Qeyd olunur ki, bu yanaşma Avropa ölkələrinin ABŞ-nin birbaşa maliyyə və texniki dəstəyinin azalmasına qarşı ehtiyat planı kimi nəzərdən keçirilir. Eyni zamanda bu addım Ukraynanın davam edən müharibədə müdafiə qabiliyyətini saxlamaq məqsədilə atılır.
Hazırda bu planın hansı ölkələr tərəfindən konkret dəstəkləndiyi açıqlanmasa da, Avropanın ABŞ silah sistemlərinə marağının artdığı vurğulanır. Bu isə transatlantik müdafiə əməkdaşlığında yeni mərhələyə işarə edə bilər.
Mədinə Cəlilova
02:00 25.05.2025
Oxunuş sayı: 907