İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib



- Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş agentliyin təşəbbüsü, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.
Crossmedia.az Dövlət Agentliyinə istinadən xəbər verir ki, “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
Görüş zamanı Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.
Çıxışlar zamanı ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşması fonunda müxtəlif mal və xidmətlərə olan tələbatın artdığı qeyd olunub. Bu xüsusda istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Habelə ölkədə istehlakçı hüquqlarının müdafiəsi üçün etibarlı və dayanıqlı mexanizmlərin formalaşdırıldığı, bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul edildiyi vurğulanıb.
Bundan əlavə, sahibkarlara istehlakçı hüquqlarının qorunması ilə bağlı hüquqi normalar izah edilib, fəaliyyətlərinin qanunvericilik çərçivəsində təşkili və müştəri məmnuniyyətinin artırılması ətrafında müzakirələr aparılıb.
18:16 21.05.2025
Oxunuş sayı: 704