ABŞ-nin sabiq senatoru Bob Menendez həyat yoldaşını günahlandıraraq cəzasını gecikdirməyə çalışıb

ABŞ-nin nüfuzlu New York Post qəzetinə istinadən Crossmedia.az yazır ki, sabiq senator Bob Menendez son ana qədər öz “səviyyəsizliyini” nümayiş etdirib. Məlumata görə, onun həyat yoldaşı Nadine Arslanyan barəsində başa çatan məhkəmə prosesində qadın rüşvətxorluq və cinayətkar sövdələşmə də daxil olmaqla, 15 federal ittiham üzrə təqsirli bilinib. Lakin Menendez bir dəfə də olsun məhkəmə iclaslarında iştirak etməyib.
Qəzet yazır ki, Menendez əvvəlcə məhkəməyə “həyat yoldaşına dəstək olmaq istədiyini” deyərək cəzaçəkmə müddətini təxirə salıb. Halbuki o, korrupsiya işi üzrə 11 il həbs cəzası alıb və yaxın günlərdə cəzasını çəkməyə başlamalıdır. New York Post iddia edir ki, Menendez məhkəməni aldatmağa çalışaraq vaxt qazanmaq və mümkün amnistiya üçün imkan əldə etmək niyyətində olub.
Daha da diqqətçəkəni odur ki, senator məhkəmə zamanı faktiki olaraq bütün günahı Nadine Arslanyanın üzərinə atıb. Prokuror Lara Pomerantz prosesin əvvəlində onların “cinayət ortaqları, korrupsiya və tamahkarlıq içində birləşmiş şəxslər” olduqlarını vurğulayıb.
Qeyd edək ki,Nadine Arslanyanın hökmünün 12 iyun tarixində elan olunacağı gözlənilir , bu isə Menendezin federal həbsxanaya təqdim olunmasından cəmi altı gün sonradır. Qəzetin fikrincə, sabiq senator vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçicilərinin etimadını puç edib və artıq bir gün belə azadlıqda qalmağa layiq deyil.
Fidan Xəlilova
16:30 25.04.2025
Oxunuş sayı: 594