Macarıstan şirkəti: Azərbaycanla əməkdaşlıq kosmos sahəsində yeni imkanlar yaradır

Azərbaycanın kosmos sahəsində artan potensialı və regional rolu strateji əməkdaşlıq üçün mühüm imkanlar yaradır.
Crossmedia.az xəbər verir ki, bunu Macarıstanın qabaqcıl texnologiya şirkəti “4iG Space and Defence Technologies”in nümayəndəsi Sebastyan Masurak Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Biz hərçənd özəl şirkətik, amma milli texnologiya çempionu olaraq məsuliyyət daşıyırıq və bu rolu kosmos sahəsində gerçəkləşdirmək niyyətindəyik. Hesab edirik ki, Azərbaycan kimi inkişaf edən ölkələrlə əməkdaşlıq həm tərəfdaşlıq ruhunu gücləndirəcək, həm də texnoloji irəliləyişə töhfə verəcək”, - deyə S.Masurak vurğulayıb.
Onun sözlərinə görə, “4iG” şirkətinin həyata keçirdiyi “FooSat” proqramı çərçivəsində ümumilikdə 9 peykin - biri GEO, səkkizi isə LEO orbitində olmaqla - istehsalı planlaşdırılır. O vurğulayıb ki, bu proqram çərçivəsində yerüstü infrastruktur və məlumat ekosisteminin yaradılması da nəzərdə tutulur və bu sahədə “Azərkosmos”la əməkdaşlıq xüsusi önəm daşıyır.
“Bu miqyasda layihələri təkbaşına həyata keçirmək mümkün deyil. Buna görə də biz tərəfdaşlığa, texnologiya və bilik mübadiləsinə xüsusi önəm veririk. “Azərkosmos”la əməkdaşlığımız bu baxımdan çox dəyərlidir. Bu əməkdaşlıq həm bizim, həm də Azərbaycanın qlobal kosmik iqtisadiyyatda mövqeyini daha da gücləndirəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Azərkosmos” və “4iG S&D” arasında imzalanan Anlaşma Memorandumu kiçik peyklərin istehsalı, Yer müşahidəsi məlumatları üzrə layihələr, Avropa kosmos proqramlarında birgə iştirak və kosmik innovasiya təşəbbüslərini əhatə edir.
10:40 25.04.2025
Oxunuş sayı: 770