Azərbaycan və Gürcüstan Prezidentlərinin birgə bəyanatının geosiyasi kontekstdə analizi regional və beynəlxalq səhnədə bir sıra kritik dinamikanın şifrəsini açır. Bu görüş Ermənistanla sülh danışıqlarının yekun mərhələsinə daxil olduğu, Zəngəzur dəhlizi ilə bağlı intensiv proseslərin getdiyi bir vaxtda baş tutur.
Gürcüstan üzərindən keçən Şimal və Orta Dəhlizlərin vurğulanması, Zəngəzur dəhlizinin taleyinə dair qeyri-müəyyənliyin fonunda mümkün alternativlərin möhkəmləndirilməsi deməkdir. Əlbəttə Azərbaycanın təzyiqi, Prezident İlham Əliyevin qəti tələbi icra olunacaq və Zəngəzur dəhlizi açılacaq. Bu olmazsa olmazdır. Ancaq prosesin icrasına gedən yolda müəyyən taktiki addımların atılması, qərarların qəbulu da mümkündür. Bu, Zəngəzura tam bağlılıqdan qaçmaq, strateji elastiklik yaratmaq üçündür.
Azərbaycan Gürcüstanla koordinasiyanı gücləndirməklə, İranın və ya Rusiyanın Zəngəzura birbaşa və ya dolayı təsir imkanlarını balanslaşdırmağa çalışır.
Gürcüstan sülh danışıqlarının uğurla başa çatmasına dəstək ifadə edir. Bu, Gürcüstanın regional diplomatik aktora çevrilməsinə şərait yaradır. Eyni zamanda, bu Ermənistan üçün də zərif mesajdır – “regiondakı dostların münasibətləri dəyişir və sən bu oyundan kənarda qala bilərsən”.
Prezident İlham Əliyev Gürcüstanla münasibətləri dərinləşdirməklə Qərbə (xüsusilə ABŞ və Avropa İttifaqına) açıq mesaj verir: “Azərbaycan Qərblə əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq İran və Rusiya ilə balanslı siyasət çərçivəsində olacaq”.
Orta Dəhliz – yəni Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti – bu görüşdə əsas vurğulardan biri idi. Azərbaycan bu xəttin açarı olduğunu təsdiqləyir. Gürcüstan isə bu dəhlizin Qara dəniz qapısıdır. Yəni bu birlik Pekinə “bizi atlaya bilməzsən” mesajıdır.
Bu layihələrdə Ermənistan və İranın adı çəkilmir, bu da onların nəqliyyat və enerji xəritələrindən kənarda qalmağa doğru getdiyini göstərir.
Yeni Gürcüstan Prezidentinin ilk xarici səfərinin Azərbaycana olması əhəmiyyətli siyasi simvoldur. Bu addım Gürcüstanın yeni rəhbərliyinin regionda liderlik etməyə meylli olduğunu və Qərbə inteqrasiyanın paralelində regional güclərlə daha sıx əməkdaşlığa can atdığını göstərir. Azərbaycan-Gürcüstan münasibətləri əslində Ankara-Bakı-Tbilisi üçbucağının geosiyasi dayağıdır. Bu səfər həm də Ankara ilə sinxronlaşmanı göstərir.
Gürcüstan Prezidentinin bəyanatında “Liberal dəyərlər yox, milli özünəməxsusluq” ifadəsi, sətiraltı olaraq Gürcüstanın Qərb strukturlarından müəyyən dərəcədə narazılığına və milli kimlik məsələlərində daha mühafizəkar xəttə meyil etdiyinə işarə edir. Bu həm də Azərbaycandakı ideoloji mövqeyə uyğunlaşdırılmış ritorikadır. Gürcüstanın da Qərbin təzyiqindən narahat olduğu bildirilir – bu, Azərbaycanla ideoloji yaxınlaşmanın da göstəricisidir.
Bu görüş və bəyanatlar həm regional geoiqtisadi xəritənin yenidən cızılması, həm də Qafqazda güc balansının Azərbaycan və Gürcüstanın lehinə dəyişməsi istiqamətində strateji mesajlar verir. Zəngəzur məsələsində Qərbin mümkün mövqelərinə qarşı “alternativ dəhliz strategiyası”, Ermənistanın proseslərdən təcrid edilməsinin mümkünlüyü və İran-Rusiya təsirlərinə qarşı diplomatik sığortalanma bu görüşün əsas sətiraltı mahiyyətidir.
Gürcüstan və Azərbaycan birlikdə regionun əsas qərarverici tandemidir. Bu, Ermənistanın, İranın və Rusiyanın proseslərə daxil olmadan kənarda qalması ehtimalını artırır. Bu mesaj Ermənistan və İran üçündür: “Azərbaycan üçün ən etibarlı qonşu Gürcüstandır. Ermənistan və İran etibarlı deyil.”

İran və Ermənistan kimi ölkələrin kənarda saxlanıldığı enerji və nəqliyyat xəritəsi təkcə iqtisadi deyil, siyasi güc vasitəsidir. Bu mesaj ABŞ, Aİ, Çin və Rusiya üçündür: “Azərbaycan-Gürcüstan-Türkiyə xətti Orta Dəhlizin onurğa sütunudur. Kim bu dəhlizdə olmaq istəyirsə, bu üçlüyə hörmət etməlidir.”
Azərbaycan Gürcüstanla yalnız keçmiş layihələrə əsaslanmır, yeni oyun qaydaları və oyun sahələri axtarır: rəqəmsal tranzit, yaşıl enerji, təhlükəsizlik. Bu mesaj Avropa İttifaqı və ABŞ üçündür: “Sizin İrəvanda maraqlarınız ola bilər, amma Bakı-Tbilisi tandemi real nəticələr təqdim edir.”
Zəngəzur dəhlizi ətrafında qeyri-müəyyənlik qalarsa, Azərbaycan özünü alternativ dəhlizsiz qoymayacaq. Gürcüstan bu alternativin əsas hissəsidir. Bu mesaj Rusiya, İran və Ermənistan üçündür: “Əgər Zəngəzur dəhlizi açılmazsa, biz regionu yenidən dizayn edərik – sizsiz.”
Gürcüstanın vasitəçiliyi Ermənistan üçün “son şans” ola bilər. Əgər bu prosesdə də uğursuzluq baş verərsə, Azərbaycan Gürcüstanla daha dərin inteqrasiya yoluna girə bilər – Ermənistan isə təcrid olunacaq. Mesaj budur: “Bu platforma sülh üçün son fürsətdir. Əks halda, oyun yeni qaydalarla davam edəcək.”
ABŞ bu mesajları necə oxuyur?
Prezident Əliyevin "Orta Dəhliz" və "strateji əməkdaşlıq" mesajları ABŞ üçün qızıl fürsətdir. ABŞ uzun müddətdir Çinlə Avropa arasında alternativ ticarət marşrutları axtarır ki, Rusiyadan və İran təsirindən kənar olsun. Zəngəzur Dəhlizi ətrafındakı qeyri-müəyyənliklər ABŞ üçün riskdir. Çünki bu layihənin reallaşması Rusiyanın aktivliyindən, İranın qıcıqlanmasından asılıdır. Gürcüstan və Azərbaycanın birgə fəaliyyəti Vaşinqton üçün arzuolunan modeldir – Qərbyönlü, açıq iqtisadiyyatlı, enerji baxımından Qərbə inteqrasiya olunmuş tandem.
“Zəngəzur dəhlizinin açılması gecikir? Problem deyil. Bakı-Tbilisi xətti varsa, biz bu planla da Avropaya çıxarıq.”
ABŞ bu mesajı Azərbaycan və Gürcüstanla daha sıx koordinasiya etməyə çağırış kimi qəbul edir.
İran bu çıxışları necə oxuyur?
Azərbaycan-Gürcüstan yaxınlaşması İran üçün “ikili təcrid” deməkdir. İran Zəngəzur üzərindən keçməyən hər dəhlizi öz nəzarət sahəsinin itirilməsi kimi görür. Prezident Əliyevin “Orta Dəhliz bizim üçün əhəmiyyətlidir” ifadəsi, İranın dəhlizdən kənarlaşdırıldığının açıq diplomatik deklarasiyası kimi oxunur. Gürcüstanın sülh prosesinə qatılması isə, İranın vasitəçi iddialarını sıfıra endirir. Çünki İran özü Ermənistanla siyasi yaxınlıq əsasında bir cəbhə kimi görünür.
İran düşünür ki, “Azərbaycan-İsrail-Gürcüstan xətti möhkəmlənir. İran proseslərin xaricindədir və bu, gələcəkdə təhlükəsizlik probleminə çevrilə bilər.”
İran bu yaxınlaşmalara qarşı çoxsəviyyəli diplomatik və hərbi siqnallar verməyə başlayacaq, bəlkə də Naxçıvan sərhədi və Ermənistan üzərindən taktiki təzyiqlər artacaq.
Ermənistan bu bəyanatları necə şərh edir?
Gürcüstan və Azərbaycanın bu dərəcədə siyasi və iqtisadi koordinasiyası Ermənistanın regiondakı rolunu sıfırlayır. Sülh prosesi üçün Gürcüstanın platforma kimi tanınması Paşinyan hökumətini ya Qərbə enteqrasiya yolunu seçməyə, ya da regionda təcrid olunmağa məcbur edir. Zəngəzurla bağlı dolaylı təzyiq (alternativ dəhlizlər) Ermənistan üçün taktiki panika yaradır – “Əgər biz o dəhlizi verməsək, onsuz da bizi oyundan çıxaracaqlar.”
Onlar düşünür ki, “Azərbaycan və Gürcüstan bizsiz oyunu oynayır. Biz isə ya ruslara, ya farslara möhtac qalırıq.”
Ermənistan Qərbə yönəlmək istəyirsə, bu Azərbaycan-Gürcüstan yaxınlaşmasını zəruri əməkdaşlıq qapısı kimi görə bilər. Əks halda təcrid dərinləşəcək.
Rusiya bu mesajları necə oxuyur?
Rusiya üçün Azərbaycan və Gürcüstanın bu cür sıxlaşması onun “təhlükəsizlik təminatçısı” roluna zərbədir. Orta Dəhliz və enerji marşrutlarının bu cür müstəqil idarə olunması, Rusiya təsirinin Cənubi Qafqazdan sıxışdırılması anlamına gəlir. Zəngəzur Dəhlizinə ehtiyac qalmadan planların davam etməsi, Rusiya üçün Zəngəzur vasitəsilə təzyiq imkanlarının itməsi deməkdir.
Moskva düşünür ki, “Azərbaycan daha Rusiya kanallarına möhtac deyil. Gürcüstanla birlikdə alternativ oyun qurur.”
Rusiya bu yaxınlaşmanı Ermənistanı öz orbitində saxlamaq və İranla daha dərin koordinasiya qurmaqla balanslamağa çalışacaq. Eyni zamanda Gürcüstanda “etnik konflikt riskləri” mövzusunu gündəmə gətirərək orda sabitliyi pozmaq istəyə bilər.
Azərbaycan və Gürcüstanın bu qədər səmimi münasibəti, Türkiyənin “Azərbaycan üzərindən regiona açılımı” üçün dayaq nöqtəsidir. Türkiyə Orta Dəhlizin güclənməsində Gürcüstan faktorunu zəruri element kimi görür. Gürcüstanın sülh prosesində iştirakı, Türkiyənin də dolayısıyla masada qalmasına şərait yaradır. Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü regional güc balansını müəyyən edir. Ermənistan və İran isə çöldədir. Türkiyə bu xəttin qorunması və dərinləşməsi üçün logistika, enerji, hərbi, texnoloji bütün sahələrdə dəstəyini artıracaq. Bu, həm də Türk Dövlətləri Təşkilatına geosiyasi mövqe qazandırır.
Prezident Əliyevin çıxışı göstərdi ki, Zəngəzur Dəhlizi artıq yeganə variant deyil. Bu çox mühüm mesajdır. Hökumət onu bir “geosiyasi məcburiyyət” kimi deyil, artıq alternativlər içində bir seçim kimi təqdim edir. Nə deməkdir bu?
Azərbaycan Zəngəzur Dəhlizini əldə etməsə belə, proseslər dayanmayacaq. Orta Dəhliz (Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa) aktivləşir və bu dəhliz Zəngəzursuz da işləyə bilər. Gürcüstan üzərindən yeni infrastruktur xətləri çəkilir. Məsələn, Bakı-Tbilisi-Kars dəmir yolu, TIR logistikası və qaz kəmərləri bu xəttə inteqrə edilir.
Zəngəzurun ehtiyac olmadan əvəz olunması nə deməkdir?
Ermənistan strateji vasitə statusunu itirir. Rusiya dəhliz üzərindən təzyiq gücünü itirir. İran Zəngəzurdan keçməyən Orta Dəhliz ilə əhatələnir və tam kənarlaşdırılır.
Paşinyanın çıxılmaz vəziyyətdədir. Rusiya təzyiq edir: “KTMT-dən çıxma, Zəngəzuru aç.” Qərb israr edir: “Sülh imzala, demokratiyanı saxla.” İran xəbərdarlıq edir: “Zəngəzuru versən, münasibətlər pozular.”
Buna görə də, Paşinyan “ikiüzlü balanslaşdırma” modeli həyata keçirir: Rusiya ilə hərbi əlaqəni saxlayır, lakin Qərblə açıq oynayır. Zəngəzura qarşı “əvəzləyici təşəbbüslər” axtarır. Məsələn, “Sülh Yolu” layihəsi ilə Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu formalaşdırmaq istəyir. O, Gürcüstanın sülh platformasını qəbul etməklə, tədricən regiondakı təcriddən çıxmaq planı qura bilər. Əgər Ermənistan Zəngəzur dəhlizini bloklasa və eyni zamanda Qərbin proseslərinə gec qoşulsa, nə Rusiya, nə də Qərb ona strateji tərəfdaş kimi baxacaq.

Gürcüstanın bu addımı niyə indi və niyə bu qədər əhəmiyyətlidir?
Bakı-Tbilisi-Axalkalaki-Kars xətti + Qaz kəmərləri + Orta Dəhliz
Bunlar Gürcüstanı faktiki olaraq Cənubi Qafqazın logistik bazası halına gətirir. Və bu rolu İrəvanla paylaşmır – bu, strateji rəqabət yaradır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycanın dövlət başçısı ilə keçirdiyi görüşdə verdiyi bəyanatlar nəyə işarə edir?
“Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir” - Gürcüstanın yeni rəhbərliyinin xarici siyasət prioritetində Azərbaycanın ön sırada olması mesajı verilir. Bu həm də rəmzi jestdir – “ilk səfər”in Azərbaycana edilməsi iki ölkə münasibətlərinin xüsusi strateji statusunu göstərmək məqsədi daşıyır. Gürcüstanın regionda balans siyasəti apararaq ilk olaraq Bakını seçməsi Ermənistanla münasibətlərdə neytrallıq xəttini qorumaqla yanaşı, Qərbin bəzi istəklərinə qarşı da öz milli maraqlarını üstün tutduğunu göstərir.
“Çoxşaxəli nümunəvi əlaqələr... Cənubi Qafqaz regionunun çağırışları” kimi ifadələr Gürcüstan Azərbaycanla əməkdaşlığının sadəcə ikitərəfli yox, regional və beynəlxalq kontekstdə – xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik sahələrində vacib sayır. Gürcüstan Azərbaycanın “böyük oyunçu” statusunu tanıdığını nümayiş etdirir və bu mövqeyə uyğun olaraq özünü onunla bərabər strateji müttəfiq kimi təqdim edir.
“Milli özünəməxsusluğu qorumaq… yazılmamış qanunlarımız, dəyərlərimiz” kimi ifadələrdə “liberal dəyərlər” ilə bağlı ironiya var. Gürcüstan rəhbərliyi Qərb təsirinə və onun gətirdiyi “dəyərlər idxalına” ehtiyatla yanaşır. Azərbaycanla birlikdə bu “qərb normativlərinin” region üçün yersiz olduğunu, milli ənənələr və dəyərlər çərçivəsində hərəkət etməli olduqlarını vurğulayır. Bu, Qərbdən narazı olan digər regional oyunçular üçün “biz sizinlə eyni dildə danışırıq” tipli dolayı mesaj daşıyır.
“Çağırışlarla dolu qloballaşma dövrü… dəyərləri qorumaq uğrunda mübarizə” kimi ifadələr Gürcüstanın Qərbdə formalaşan bəzi tendensiyalara qarşı tənqidi münasibətini göstərir və Azərbaycanın bu istiqamətdə mövqeyi ilə uyğunluq yaradılır. Bu, həm də Gürcüstanın “hər iki tərəflə işləyən, amma dəyərlərini qorumalı olan” ölkə imicini yaradır.
“Geosiyasi xəritədə körpü funksiyası” ifadəsi, Gürcüstanın özünü Avropa ilə Asiya arasında vasitəçi ölkə kimi təqdim etmək istədiyini göstərir. Azərbaycanla əməkdaşlıq bu rolu gücləndirən əsas vasitədir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu çıxışında Azərbaycanın ərazi bütövlüyünə və sülh təşəbbüslərinə açıq dəstək verir, Qərbin dəyərlərinə və müdaxilə cəhdlərinə qarşı milli suverenlik və öz dəyərlərinə istinad edir, Gürcüstan-Azərbaycan münasibətlərini sadəcə strateji yox, dəyərlər və tarixi kontekstdə izah edir, Gürcüstanın regional dialoq və sülh təşəbbüslərində rol almağa davam edəcəyini nümayiş etdirir.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi