Təhsildə islahatlar fəlakətdir, yoxsa fürsət?

Təhsil şəxsiyyətin formalaşması, peşə fəaliyyətinə hazırlanması və cəmiyyətdə fərdin sosiallaşması məqsədi ilə bilik, bacarıq, qabiliyyət, norma və dəyərlərin bir nəsildən digərinə ötürülməsinin məqsədyönlü prosesidir. O, mədəniyyətin ayrılmaz institutudur və cəmiyyətin təkrar istehsalının ən mühüm mexanizmlərindən biridir.
Təxminən beş min il əvvəl təhsilin ictimai hadisə oldugunu görürük. Şumer mədəniyyəti dövründə məktəblərin yaradılması və yalnız oglan uşaqlarının təhsilə cəlb olunması mötəbər mənbələrdən məlumdur. Keçdiyimiz tarıxi inkişaf təhsi prosesinə də təsir edib. İnsanlar təhsili təkmilləşdirmiş, təhsil də cəmiyyəti irəliyə aparmışdır. Eyni zamanda təhsildən nə istəmişiksə,nə sifariş etmişiksə təhsil də bizə onu verib, nə az, nə də çox.
İslam dövrü mədəniyyətimizin verdiyi təhsil də birmənalı deyildi və inkişaf edirdi. Böyük tarixi mərhələdə təhsil prosesinə dini qurumlar rəhbərlik edirdi və təhsilə olan tələbi dini qurumlar müəyyənləşdirirdi. Müxtəlif metodlar tətbiq olunurdu. Fərdi qabilliyyətə əsaslanan təhsil metodikası, qrup şəkilində təhsil, asketik təhsil modeli, imla və ifadə haqqı verən təhsil metodu və nəhayət XX əsrin ikinci yarısına aid olan kütləvi təhsil sifarişi gündəmə gəldi. Bütün tarixi mərhələlərdə təhsilli şəxslərdən olunacaq tələbin müəyyənləşdirilməsi vacib idi. Çünki məktəb bu tələbə cavab verəcək mütəxəssis hazırlamalı idi.
XIX əsrin ortalarından başlayaraq konkret bacarıqlara malik mütəxəssislərə ehtiyacın artması bu işin standartlaşdırılması tələbini gündəmə gətirdi. Kapitalist münasibətləri inkişaf etdikcə artıq böyük kapital əmək bazarı tələblərini müəyyənləşdirməyə başladı. Nəzərə almaq lazımdır ki, 1970-ci illərin sonlarında başlayan “Boloniya prosesi” də təhsil müəssisələri arasında sağlam rəqabətin təşkil olunması məqsədi daşıyırdı.
“Təhsilin Avropa modeli” adı ilə müxtəlif təhsil sistemindən iki-üç epizodu ayırıb Azərbaycanda tətbiq etmək islahat deyil, yeni təhsil modeli də deyil, mövcud modelin «əyilmiş» versiyasıdır.
Qərbin təhsil sisteminin sovet mütəxəssisləri tərəfindən öyrənilməsi və tətbiqi imkanları hələ Qorbaçovun “perestroykası” zamanı gündəmə gəlmişdi. Təhsil sistemini azad bazar münasibətlərinə təslim edərək rəqabət yaratmaq və bunun hesabına da keyfiyyəti yüksəltmək fikri yeni deyil. “Orta Məktəb Yaxşı bir Supermarketdir” düşüncəsi də buradan irəli gəlir və təhsilin tam kommersiyalaşdırılmasının ən qabarıq modelidir.
ABŞ prezidenti Donald Trampın bu il martın 20-də ABŞ Təhsil Departamentinin ləğv edilməsi haqqında sərəncamı təhsil haqqında müzakirələri bir daha gündəmə gətirdi. Qeyd edək ki, ABŞ Təhsil Nazirliyi (Departamenti) 100 minə yaxın dövlət və 34 min özəl məktəbə nəzarət edir. O, həmçinin on milyonlarla amerikalıya kollec təhsil haqqının ödənilməsinə kömək edən, tələbə kreditlərinə nəzarət edən bir qurumdur. Yeni qaydalar onu ifadə edir ki, məktəb yaşlı uşaqlar üçün təhsil sertifikatları təqdim olunacaq, təhsil auksionları keçiriləcək və valideyinlər özləri seçim edəcək ki, uşaqları hansı məktəblərdə oxusun.
Bu problemlərin amerikansayaq həll yoludur. Onun yaxşı və ya pis, düzgün və ya yanlış olması haqqında mülahizələrə diqqət edək. Mütəxəssislər hesab edir ki, “Kapitalist sistemində təhsilin əsas funksiyası kapitalist iqtisadiyyatı üçün kadr hazırlamaqdır”. Deməli Qərb təhsil sistemi də ideolojı doktrina üzərində qurulub. Kennedinin Sovet təhsil sisteminin qabaqcıl bir sistem olması və ABŞ-nin kosmos uğrunda yarışı “məktəb partalarında uduzduğu” haqqında fikirləri də subyektivdir.
Sovet təhsil sistemi haqqında yazılanlar və xatirələrdə danışılanları ümumiləşdirsək görərik ki, bu da bir ideolojı dövlət idi və nə istədiyi məlum idi. Öz ideologiyasını təhsil sisteminə tətbiq edən Sovet hakimiyyəti ali təhsilli cərrah olacaq mütəxəssislərə elmi kommunizm və SovİKP tarixi dərslərini keçməyə məcbur edirdi. Marksist fəlsəfə, sosializm realizmi və bir çox mənasız fənlər ali təhsilin keyfiyyətini aşağı salırdı. Orta məktəb fənləri arasında isə ciddi pedaqoji seçim tətbiq olunurdu və sifariş olunmuş dəyərlər sistemi təlim edilirdi. Təhsilin kütləviliyi və fundamental elm sahələrinə xüsusi diqqət yetirilməsi sovet orta təhsil sistemini fərqləndirirdi. Sovet təhsil sisteminin kommersiyalaşdırılmasından söz belə gedə bilməzdi. Təhsil ideologiyanın tərkib hissəsi idi.
Təhsilin müxtəlif pillələri müxtəlif vəzifələr yerinə yetirirdi. Bu pillələrin biri-birindən asılılığı və biri digərinin davamıdır düşüncəsi səbəb oldu ki, cəmiyyət “orta məktəbi bitirən mütləq universitetə daxil olmalıdır” qərarını verməyə başladı. Bu vəziyyət cəmiyyətin rəngarəngliyi, müxtəlifliyini, çoxtərəflilik konsepsiyasını pozur və cəmiyyətin həyat keyfiyyətinə mənfi təsir göstərir.
Qərb təhsil sistemində də sifarişçinin nə istədiyi məlumdur. İri kapital konkret bacarıqlara malik mütəxəssis və kadrlara ehtiyacı olduğunu və belə kadrların hazırlanmasını sifariş edir. Bununla universitetlər məşğul olur. Bu məqsədlə iri kapital universitetlərin fəaliyyətini dəstəkləyir, müasir, yüksək texnologiyalı sənayenin idarə olunması üçün kadr hazırlığını təmin edir. Lakin universitetlərin missiyası bununla bitmir. Necə ki, orta məktəblər də uşaqlara təhsil verməklə onları gələcəkdə kapitalist münasibətlərinin bir aləti olataq yetişdirmir. Bir nümunəyə diqqət yetirək.
İsveçrədə 1880-ci ildə yaradılmış “Institut Le Rosey” məktəb-pansion dünya şöhrətli məktəbdir və ona “kral məktəbi”də deyirlər. Bu məktəb yarandığı ilk illərdə yalnız oğlanlar üçün idi, sonralar qızları da qəbul etməyə başladı. Yaranışından özəl məktəb olub və bu günə qədər beşinci nəsil sahibkarı məktəbin elitar ənənələrini davam edir. Məktəb buraya qəbul olunan uşaqların dünyanın ən prestijli universitetlərinə qəbul olunması istiqamətində fəaliyyətini təşkil edir və bu işdə yüksək uğurlar qazanır. Buradakı məktəblilərin milli tərkibi qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin göstəricisidir. 1950-1960-cı illərdə şagirdlərin əksəriyyəti ABŞ, İtaliya və Yunanıstandan, 1970-ci illərdə ərəb ölkələrindən və İrandan çox sayda uşaqlar daxil olurdu, 1980-ci illərdə Yaponiya və Koreyadan, 1990-cı illərdə isə Rusiyadan çox sayda uşaqlar qabul olunmaga başladı. Bunlar rus oliqarxlarının övladları idi. Bir illik təhsilin hal-hazırda 130 min ABŞ dolları olması göstərir ki, hələ də məktəb öz qabaqcıl mövqeyini qoruyub saxlamaqdadır.
Bu məktəb və çox sayda belə məktəblər islahatlar aparmır, yalnız məqsədlərinə doğru mütəmadi yanilənmələri həyata keçirir. Məzunlar dünyanın ən qabaqcıl universitetlərinə daxil olurlar. Bu özəl məktəbləri bitirən məzunların bir çox üstünlükləri mövcuddur. Lakin bu məzunların bir sıra çatışmazlıqları da var. Məsələn, əksər hallarda, bu məktəbin məzunları ana dilində yaxşı oxuyub yaza bilmir, ana dilində şifahi nitq və ünsiyyətində bir çox hallarda qüsurları olur, milli ədəbiyyat və xalqının ictimai xadimlərini, milli atributları və simvolları, qəhrəmanları və mütəfəkkirləri çox da tanımır, milli passionarlıqdan daha çox rasional düşüncəyə təmayül edirlər.
“Seçilmişləri təhsilə cəlb etmək yoxsa təhsil alanlardan seçim etmək” sualı son yüz ildə gündəmdə həmişə olub. Bu yanaşma dünyada mövcud olan təcrübələrdən irəli gəlirdi və hər birinin öz üstünlüyü var idi. XX əsrin 20-ci illərinin sonlarında Azərbaycanda “savadsızlığı aradan qaldırmaq” şuarı ilə həyata keçirilən çox böyük dövlət proqramları nəticəsində yalnız 60-cı illərin ortalarında bu məqsədə çatmaq mümkün oldu. Müasir Azərbaycanda təhsilin kütləviliyi və icbari olması bu günümüzün böyük nailiyyətidir.
Lakin etiraf edək ki, hal-hazırda paralel təhsilin mövcud olması əsas təhsilin qusurlu olmasının göstəricisidir. Əgər hesab etsək ki, repititorluq birinci səviyyə paralel təhsil formasıdırsa, məktəblilərin məktəbdən kənar smartfon, kompyuter, müxtəlif növ İKT vasitəsi ilə və sosial şəbəkələrdən əldə etdiyi bilik və məlumatlar ikinci dərəcə paralel təhsil hesab edilməlidir. Çünki məktəb proqramlarında əsas təhsillə paralel təhsil arasında əlaqəlandirmə yoxdur. Məlumdur ki, məktəblilərin texniki avadanlıqlarla keçirdiyi zaman ərzində bir çox qüsurlu vərdişlər və ziyanlı biliklər də əldə olunur. Lakin eyni zamanda faydalı biliklər və bacarıqlar da mənimsənilir. Bu prosesi nəzarətə alaraq məqsədəuyğun idarə etmək də əsas təhsil prosesinin vəzifəsidir.
M.Süleymanovun 23 mart 2025-ci il tarixli “Orta məktəb yaxşı bir supermarketdir” məqaləsində 2005-ci ildə Amerikanın Yeni Orlean şəhərini vuran Katrina qasırğası ilə bağlı həyata keçirilən təhsil islahatları və müxtəlif diqqəti cəlb edən fikirlər irəli sürülür. Orada qeyd olunur: “ABŞ-da kütləvi məktəb təhsilinin və ümumi mədəniyyətin aşağı səviyyəsi iqtisadiyyatın maraqları naminə məqsədli şəkildə əldə edilmişdir. Məlundur ki, savadlı insan pis istehlakçıdır, o, daha az şey alır, maddi nemətlərdən daha çox Motsart, Van Qoq, Şekspir və ya teoremlərə üstünlük verir. Bu, istehlak cəmiyyətinin iqtisadiyyatına ziyan vurur və zənginlərin gəlirlərini azaldır".
Bu fikirlər də birmənalı deyil və ABŞ təhsil sisteminə radikal yanaşmadır. Yüksək keyfiyyətli təhsil müəssisələrinin də əsas mərkəzi, bildiyimiz kimi ABŞ-dır. Bu ölkənin siyasi və iqtisadi quruluşu özü-özünü tənzim etmək hesabına ayaqdadır. ABŞ-da təhsil siyasəti sahəsində demokratların və Avropada sosialistlərin fikri Respublikaçılardan bir qədər fərqlidir. Onlar təhsil siyasətini kapitalist maraqları ilə sosial cəmiyyət maraqları arasında bir tarazlıq halına gətirmək istəyir. Bəzən bu tarazlıq pozulur və növbəti seçkilər zamanı yenidən bərpa olunur.
İnsanların mədəni səviyyəsini qaldırmağa yönəldilmiş təhsilin sosial yönümü bizim ən böyük uğurumuz hesab edilməlidir. Əlbəttə ki, bu trendi qoruyub saxlaya bilsək. Bizə radikal islahatlar, xarici təhsil modelləri, kiminsə uğurlu təcrübəsini kopyalamaq deyil, mövcud təhsil uğurlarımızı inkişaf etdirmək, təhsilin funksiyalarını yerinə yetirmək və onun keyfiyyətini təmin edəcək lazımlı addımları atmaq lazımdır.
Nizaminin: “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” misraları bu gün çox əhəmiyyətli məna daşıyır. Fəaliyyətini nüfuzlu universitetlərə qəbul olunmağa yönəltmiş özəl məktəblər, eləcə də ABŞ-da vətəndaşlara paylanılan təhsil sertifikatları son nəticədə təhsilin əsas funksiyalarını yerinə yetirmir. Təhsil ətraf aləm, elm, mədəniyyət, cəmiyyət haqqında biliklərin dərkolunan ötürülməsi prosesidir. Bu, fərdin sosiallaşmasına, şəxsi keyfiyyətlərin inkişafına, peşə orientasiyasına, mədəni irsin, adət-ənənələrin, dilin, sənətin qorunması və ötürülməsi bacarıqlarına, yaradıcı düşüncəyə xidmət edən fəaliyyətdir və intellektual inkişafın əsasını təşkil edir. Yalnız sistemli təhsil nəticəsində insan şəxsi fəlsəfəsinin əsasını qoyur.
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
08:55 07.04.2025
Oxunuş sayı: 7162
