2025-ci ildə Azərbaycan elminin inkişafı
(Azərbaycan Milli H-indeksi reytinqinin yeni göstəricilərinin təhlili)
2023-cü ildən başlayaraq Azərbaycanın elmi informasiya məhsullarının, alimlərinin, elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin beynəlxalq standartlara uygun meyarlarla ölçülməsi və qiymətləndirilməsi işi həyata keçirilir. Bu günlərdə 2025-ci ilin yekun göstəriciləri açıqlandı ki, qarşılaşdığımız mənzərə qürurvericidir.
“Azərbaycan Milli H-index Reytinqi” dünyada nüfuzlu hesab edilən üç indeksləşən məlumat bazası əsasında konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir. Burada Scopus, Web of Science və Google Scholar kimi elmmetrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi H-indeksi nəzərə alınır. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi müəyyənləşdirilib və reytinqlərə müvafiq olataq mövqelər sıralanır.
Azərbaycanın 101 elm və təhsil müəssisəsi bu reytinq sıralamasında iştirak edir. Onlardan 40-ı ali məktəb, qalanları isə elmi-tədqiqat müəssisələridir. 73 müəssisə elmi göstəricilərinə görə müvafiq yer tutur, 8 müəssisə 0 bal ilə yalnız sıralamada yer alır
Yenilənmiş cədvələ görə Azərbaycanın “Google Scholar” cədvəlində H-index 2024-cü ildə 224 olduğu halda 2025-ci ildə 273-ə yüksəlib. “Scopusa” görə H-index 2024-cü ildə 180 olduğu halda 2025-ci ildə 195-ə yüksəlib. “Web of Science”a görə H-index 2024-cü ildə 160 olduğu halda 2025-ci ildə 175-ə yüksəlib. Göstəricilərin hər biri haqqında uzun-uzadı təhlillər aparmaq olar, lakin ən başlıcası odur ki, bu göstəricilər qürurvericidir və Azərbaycanda elmi inkişafın ümumi mənzərəsini qismən ifadə edir.
Azərbaycanda “Elmi potensialın liderləri” adlanan ilk onluqda beş ali məktəb və beş elmi-tədqiqat institutu yer alır. Yenə də ali təhsil müəssisələri sıralamasında Bakı Dövlət Universiteti H-indeksi 78 olaraq birinci yeri tutur, onun ardınca H-indeksi 52 olaraq Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ, H-indeksi 48 olaraq Xəzər Universiteti, H-indeksi 41 olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, H-indeksi 33 olaraq Azərbaycan Tibb Universiteti gəlir. Elmi-tədqiqat institutlarının da hüquqi ünvanlarının dəqiqləşdirilməsi vacibdir. Elm və Təhsil Nazirliyinin tərkibənə daxil olunmuş müəssisələrin AMEA adı ilə reytinq sıralamasında yer alması yanlışdır və yaqin ki, növbəti yenilənmədə nəzərə alınacaq.
Son üç ildə Azərbaycan Milli H indeksinin ildə iki dəfə açıqlanması inkişafın dinamikasını müşahidə etməyə bizə imkan verir. Eləcə də, bu cədvəllərin tərtibi üçün tətbiq olunan H-indeksinin öyrənilməsi metodikası mükəmməl olmasa da ümumi mənzərəni ifadə edə bilir. Xüsusilə də TOP-10, TOP-100 Azərbaycan alimləri içərisində kimlərin olduğunu görə bilirik.
Skopus məlumat bazasına əsaslana TOP10 alim sıralamasında AMEA əməkdaşlarından altı nəfər, Bakı Dövlət Universitetindən iki nəfər, Xəzər Universitetindən bir nəfər, Azərbaycan Memarlıq və İnşaat Universitetindən bir nəfər alim yer alır.
AMEA-nı təmsil edən Nazim Hüseynovun 135 H-indeksi 1412 elmi məqaləyə edilmiş 98528 elmi istinadın nəticəsi olaraq formalaşır. N.Hüseynov fizikdir və Skopus məlumat bazasında mövcud olan göstəricisi dünya şöhrətli alimlər ilə rəqabət edəbiləcək bir göstəricidir. Alim bütün məlumat bazalarının verdiyi statistikaya əsasən Azərbaycanda birinci yeri tutur.

Bakı Dövlət Universitetinin professoru Mais Süleymanovun 76 H indeksi 335 elmi məqaləyə edilmiş 20175 elmi istinadın nəticəsində formalaşır. M.Süleymanov da fizikdir, Nüvə və Yüksək Enerji Fizikası sahəsində dünyada tanınmış alimlərdən biri hesab edilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən Abdulla Sofiyevin 47 H-indeksi 201 elmi məqaləyə edilmiş 6231 elmi istinadın nəticəsi olaraq yaranır. 2025-ci ildə Skopus məlumat bazasında indeksləşən jurnalda “İstilik mühitlərində kəsmə deformasiyalarının genişləndirilmiş nəzəriyyəsinə əsaslanan çoxqatlı nanokompozit silindrik qabıqların titrəmələrinin qeyri-xətti təhlili” adlı məqalə alimin 201-ci məqaləsidir.
Azərbaycan Dövlət İqtİsad Unİversİtetini təmsil edən Tural Nağıyevin Skopus məlumat bazasında 53 məqaləsi çap olunub. Onun məqalələrinə edilmiş 1185 istinad nəticəsində H-indeksi 25 təşkil edir və o, universitetin reytinq siyahısına başçılıq edir.
Göründüyü kimi müxtəlif elmi tədqiqat istiqamətləri elmi istinad məsələsində fərqli mühafizəkarlıq ifadə edirlər. Fizika, materialşünaslıq, biokimya, robototexnika, kompyuter tomoqrafiyası sahəsində ənənəvi olaraq istinadlar çox verilir. Bu, bəzən elmi istiqamətlərin spesifikasından da asılı ola bilir. Məsələn, tədqiqatçı alim Faiq Əhmədovun 2017-ci ildə çap olunmuş “ATLAS tetik sisteminin 2015-ci ildəki performansı” adlı məqaləsinin 147 həmmüəllifi var. Məqalə böyük bir elmi laboratoriyanın tədqiqatlarının nəticəsi olaraq ortaya çıxır və dünyanın tanınmış alimləri tərəfindən əsərə 3851 dəfə isnad edilir.
Reytinqlərin hesablanmasında belə bir qiymətləndirmə metodikasının uzun müddət tətbiqi fərqli elm sahələrində bir depressiya effekti də yarada bilər. Nəticədə sosial-humanitar sahə alimləri, tarix, ədəbiyyat, sosiologiya, xüsusilə də mədəniyyət və incəsənət sahəsində ciddi elmi tədqiqatlar aparan, məqalələr yazan alimlər heç vaxt TOP-10 və hətta TOP-100 müəllifləri sırasına daxil ola bilməyəcəklər. Bu elmi istiqamətlərdə istinadların sayı 500-dən 5 minə qədər və H indeksləri 6-12 arası olduqda yüksək göstərici hesab edilir. Bu probelin həllində Türkiyə modelini öyrənərək tətbiq etmək faydalı ola bilər.
Bu günlərdə bir hüquqşunasın Google Scholar (Google Akademiya) məlumat bazasında bir fizikin məqaləsini öz profilində yerləşdirdiyi haqqında müzakirələr yayınlanmışdır. Belə bir hərəkət yalnış bu platformada mümükündür. Skopus və Web of Science məlumat bazasalarında müəlliflərin əl ilə yükləmə imkanları yoxdur. Müəllifin statistikasını məlumat bazası süni intellektin vasitəsi ilə formalaşdırır və ona kənar müdaxilələr etmək mümkün deyil. Google Akademiya məlumat bazasında qeyd olunan hadisə bir neçə səbəbdən ola bilər. Ya müəlliflərin inisialları eyni olduğu halda və müəllifin bilərəkdən və ya bilməyərəkdən məqaləni öz səhifəsinə transfer etdiyi halda ola bilər. Lakin kiçik bir monitorinq nəticəsində bu məqalənin həmin müəllifə aid olmadığı asanlıqla məlum olur və akademik etika tələb edir ki, onu dərhal müəllif səhifəsindən çıxarsın. Yeri gəlmişkən qeyd olunmalıdır ki, akademik profillərin monitorinqi sistemli iş olmalıdır və aşağıdan yuxarı mütəmadi həyata keçirilməlidir. Kafedra, fakültə, laboratoriya əməkdaşları daha yaxşı bilir ki, hansı məqalə kimindir və kimlər kənar müəlliflərin məqalələrini öz profilində yerləşdirərək statistika toplayır və reytinq qazanırlar.
Milli H-indeksi sıralamasının 21-30-cu yerlərini tutan elmi müəssisələr “yüksək elmi potensial” ifadə edən təşkilatlar olaraq müəyyənləşdirilib. Bu o müəssisələrdir ki, həqiqətən də ciddi akademik göstəriciləri var, rəqabət qabiliyyətlidirlər və reytinq cədvəlində real inkişaf dinamikası görsənir.
Bəzi universitetlər kollektivinə xarici mütəxəssisləri cəlb etməklə yüksək göstəricilər əldə edir. Bəzi universitetlərin yüksək göstəriciləri olduğu halda nüfuzlu akademik platformalarda əks olunmadığı üçün qiymətləndirmədə yer almır. Bəzi universitetlər isə il ərzində mövcud potensialını konsolidasiya etməklə açıqlanan reytinq cədvəlində mövqelərini xeyli yaxşılaşdırıb.
Qiymətləndirmənin üçüncü hissəsi “reytinq üzvləri” adlandırılıb və böyüklü-kiçikli müxtəlif elm və təhsil müəssisələrini əhatə edir. Burada da perespektivli müəssisələr yer alır. Bəzi kiçik elmi müəssisələr üçün bu reytinq cədvəlində iştirak etmək özü böyük uğur hesab edilməlidir. Təəssüflə qeyd olunmalıdır ki, son illər yeni qurulmuş universitetlər bu reytinq sıralamasında yer almır. Yeni universitetlərə respublikanın gənc və perespektivli alimləri cəlb olunduğundan inamla deməliyik ki, bu sıralamalarda iştirak edərlərsə diqqəti cəlb edən statistik nəticələr ortaya çıxar.
Hər şeydən əvvəl “Azərbaycan Milli H-index Ranking” siyahılarının müəyyənləşdirilməsi alim və tədqiqatçılar üçün ciddi bir motivasiyadır və respublikada yaxşı mənada akademik rəqabətin təşkili üçün sağlam mühüt yaradır. Yaqin ki, tətbiq olunan metodika da tədricən yenilənəcək. Dünya təcrübəsində H-indeksinə olunan tələblər dəqiq elmlərlə ictimai elmlər arasında fərqlidir. Qiymətləndirmə təbiət elmləri, ictimai elmlər və sahəvi elmi müəssisələr olaraq qruplaşmalıdr.
12:36 22.11.2025
Oxunuş sayı: 17153