KİV: Rusiya Krım körpüsü ilə bağlı ABŞ və Britaniyanın planını pozub

2024-cü ildə Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmaq üçün ABŞ-dən dəstək istəməsindən sonra Vaşinqton “Lunar Hail” (“Ay dolusu”) adlı əməliyyat planını təklif edib. Bu plana əsasən, Rusiya işğalı altındakı Krımda kritik infrastruktura zərbələr endirilməli və Moskva yarımadadakı resurslarını geri çəkməyə məcbur edilməli idi.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, ABŞ, Britaniya və Ukrayna hərbçilərinin hazırladığı plana görə, ATACMS raketləri körpünün zəif nöqtələrini vurmalı, pilotsuz dəniz aparatları isə dayaqların yaxınlığında partlamalı idi. Amma Rusiya müdafiə tədbirlərini gücləndirdikdən sonra Ukrayna yalnız raket hücumu keçirməyi təklif edib.
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kristofer Kavoli və general-leytenant Antonio Aquto bu yanaşmaya qarşı çıxaraq, yalnız raket zərbələrinin körpünü tamamilə dağıtmayacağını bildiriblər. Onlar ya planın təkmilləşdirilməsini, ya da tamamilə ləğv olunmasını təklif ediblər.
Nəticədə ABŞ Ukraynanın istəyinə razılıq verib və hücum həyata keçirilib. Lakin körpüdə yalnız bir neçə kiçik zədə qalıb.
Hesabatda hücumun dəqiq tarixi göstərilməsə də, bunun 16 avqust 2024-cü ildə baş verdiyi ehtimal edilir. Həmin gün Rusiya Müdafiə Nazirliyi Kerç körpüsünə atılan 12 ATACMS raketinin vurulduğunu açıqlasa da, körpünün zədələnməsi barədə məlumat verməyib.
Fatimə Məmmədova
17:39 30.03.2025
Oxunuş sayı: 1577