“Sarı jiletlilər” Fransanı qarışdırdı – Məhdudiyyətlər artır
Fransada “Sarı jiletlilər”in zorakılıq və qarət hadisələri ilə müşayiət olunan etirazlarından sonra qismən komendant saatı tətbiq edilən şəhərlərin sayı 12-yə çatıb. Paris və Lionda gecə saatlarında küçəyə çıxmaq məhdudiyyəti daha bir gün uzadılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Parisdə Respublika meydanı və Les Halles ərazisində yerli vaxtla saat 23:00-dan 06:00-dək küçəyə çıxmaq qadağan edilib. Paytaxtda Yelisey sarayı, Milli Assambleya, Senat, Yelisey çölləri və bir sıra digər ərazilərdə də icazəsiz nümayişlərə məhdudiyyət qoyulub.
Lionun mərkəzində isə komendant saatı saat 21:00-dan 06:00-dək qüvvədə olacaq. Yerli hakimiyyət orqanları bu tədbirin şəhərdə sakitliyin təmin olunmasına kömək etdiyini bildiriblər. Məhdudiyyətlər ölkənin bir sıra digər şəhərlərində də tətbiq edilir.
Fransada tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” oktyabrın 17-də bahalaşmaya və yanacağın yüksək qiymətlərinə etiraz olaraq nümayişlər keçiriblər. Hadisələr zamanı təxminən 2 500 nəfər saxlanılıb, 1 000-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb. Həmçinin, təxminən 3 000 obyektə ziyan dəyib və ya onlar qarət edilib.
01:22 21.10.2026
Oxunuş sayı: 60