ABŞ DeepSeek-i sistemlərindən çıxardı – Ciddi ittihamlar
ABŞ federal qurumlarının informasiya sistemlərindən Çin şirkəti DeepSeek-in süni intellekt məhsulları çıxarılıb, şirkət dövlət satınalmaları prosesindən kənarlaşdırılıb. Qərar milli və kibertəhlükəsizlik riskləri ilə əsaslandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) iyul ayında açıqladığı qərarda DeepSeek-in süni intellekt modellərinin bir sıra təhlükələr yaratdığı bildirilib.
Qərarda qeyd olunub ki, tətbiqlər Çin hökumətinə ölkədəki özəl şirkətlərin infrastrukturlarına çıxış imkanı verə bilər. Həmçinin DeepSeek-in istifadəçilərin şəxsi məlumatlarını toplamaq, onların fəaliyyətini izləmək və rəqəmsal izlərini formalaşdırmaq imkanlarına malik ola biləcəyi vurğulanıb.
Sənəddə şirkətin tətbiqlərində zərərli proqram təminatı və digər təhlükəsizlik boşluqlarının mövcud ola biləcəyi də qeyd edilib. Bildirilib ki, toplanan məlumatların ayrı-ayrılıqda və ya açıq mənbələrdən əldə edilən informasiyalarla birləşdirilərək Çinə ötürülməsi ABŞ vətəndaşları və hökumət proqramları haqqında əməliyyat xarakterli kəşfiyyat məlumatlarının formalaşdırılmasına şərait yarada bilər.
07:30 21.10.2026
Oxunuş sayı: 57