Sülh prosesinə maneə Zelenskinin legitimliyidir? - Rəy
Rusiya Ukrayna ilə sülh danışıqlarında Kiyevi legitim hakimiyyət nümayəndəsinin təmsil etməsini vacib hesab edir. Moskva bu mövqeyi ilə bir daha Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyi məsələsini gündəmə gətirir. Halbuki Ukraynada hərbi vəziyyətlə əlaqədar prezident seçkilərinin keçirilməməsi və Zelenskinin səlahiyyətlərini davam etdirməsi ətrafında mübahisələr uzun müddətdir davam edir. Bəs Rusiyanın bu tələbi nə dərəcədə əsaslıdır və başqa bir dövlətin rəhbərinin legitimliyini şübhə altına almaq Moskvanın sülh danışıqlarındakı mövqeyinə necə təsir göstərir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əkrəm Həsənov bildirib ki, Moskva dəfələrlə Zelenskinin legitimliyini şübhə altına alaraq Ukraynada prezident seçkilərinin keçirilmə vaxtınln artıq çatdığını vurğulayıb:

"Əslində, seçkilər 2024-cü ildə keçirilməli idi. Lakin Ukrayna tərəfi dəfələrlə vurğulayıb ki, ölkənin Konstitusiyasına və qanunvericiliyinə əsasən, hərbi vəziyyət dövründə prezident seçkilərinin keçirilməsi mümkün deyil. Buna görə də Zelenski yeni seçilən prezident vəzifəsinin icrasına başlayana qədər səlahiyyətlərini davam etdirir. Ümumiyyətlə, hər bir ölkənin rəhbərliyinin legitimliyini müəyyənləşdirmək, bir qayda olaraq, həmin ölkənin özünün daxili məsələsidir. Başqa dövlətlərin bu məsələyə müdaxilə etməsi nə dərəcədə əsaslıdır? Eyni məntiqlə yanaşsaq, Rusiyada da prezident seçkilərinin ədalətli və bərabər şəraitdə keçirilmədiyini iddia edən müxalifət qüvvələri var. Onlar Putinin hakimiyyətdə qalmasını tənqid edirlər. Lakin bu, digər dövlətlərin Rusiyanın prezidentinin legitimliyini müəyyənləşdirməsi üçün əsas yaratmır. Rusiya dövlətini hazırda Putin təmsil edir və beynəlxalq münasibətlər də bu reallıq üzərində qurulur”.
Politoloq qeyd edib ki, Ukraynaya gəldikdə isə Zelenskinin legitimliyi məsələsi Rusiya tərəfindən müzakirəyə çıxarılsa da, Ukraynanın dövlət qurumları onun prezidentlik səlahiyyətlərini davam etdirməsini qanuni hesab edir: “Bu səbəbdən Moskvanın irəli sürdüyü arqumentlər bir çoxları tərəfindən siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir. Dünyada müxtəlif ölkələrin rəhbərlərinin legitimliyi ilə bağlı mübahisələr mövcuddur. Məsələn, Venesuela və Suriyada hakimiyyətin legitimliyi ətrafında da müzakirələr aparılıb. Bununla belə, dövlətlər arasında diplomatik münasibətlər və qarşılıqlı təmaslar davam edir. Beləliklə, başqa dövlətlərin rəhbərlərinin legitimliyini mübahisələndirmək beynəlxalq münasibətlərdə siyasi vasitəyə çevrilə bilər. Ancaq bir ölkənin rəhbərinin legitimliyi ilə bağlı yekun qərarın verilməsi, ilk növbədə, həmin ölkənin Konstitusiyası, qanunları və siyasi-hüquqi reallıqları əsasında qiymətləndirilməlidir".
Nuray Oqtayqızı
20:15 20.10.2026
Oxunuş sayı: 56