Aktauda iftar süfrəsi təşkil edilib

Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu tərəfindən iftar süfrəsi təşkil olunub. İftar mərasimində Manqistau vilayətinin rəsmi nümayəndələri, vilayət Xalq Assambleyasının rəhbərliyi, bir sıra ölkələrin baş konsulları, diplomatik korpusun əməkdaşları, yerli televiziya və media qurumlarının rəhbərləri, eləcə də Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.
Mərasimin əvvəlində vilayətin baş imamı tərəfindən müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan Respublikasının baş konsulu Ayxan Süleymanlı qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.
Vilayət Maslixatının sədri Janbırbay Matayev çıxışında Aktau şəhərinin bu il Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını, xalqlarımızın eyni dinə, dilə və ortaq adət-ənənələrə malik olduğunu vurğulayıb, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. (Azərtac)
18:07 28.03.2025
Oxunuş sayı: 1125