ABŞ-nin kecmiş prokuroru evində ölü tapıldı

ABŞ-nin Virciniya ştatının Şərqi Bölgəsinin keçmiş prokuroru Cessika Aber evində ölü vəziyyətdə tapılıb. Polis, bu şok edici ölümün səbəbini araşdırır.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Virciniyanın Aleksandriya şəhərində yaşayan 43 yaşlı Aber, şənbə günü səhər saat 09:20-də yerli polis əməkdaşları tərəfindən evində hərəkətsiz halda aşkarlanıb.
Məlumata görə, Aber Prezident Co Bayden dövründə bu vəzifəyə təyin olunmuşdu, lakin yanvar ayında Donald Trampın vəzifəyə gəlməsi ilə istefa vermişdi.
Rəsmilər Aberin ölüm səbəbinin hələ də araşdırıldığını və rəsmi ölüm səbəbinin Virciniya Tibbi Ekspertiza Bürosunun aparacağı yarılmadan sonra müəyyən ediləcəyini bildiriblər.
Şərqi Virciniya Bölgəsinin hazırkı ABŞ prokuroru Erik Sibert şənbə günü verdiyi açıqlamada dərin kədər hissi keçirdiyini bildirib:
“Keçmiş həmkarımız və dostumuz Cessika Aberin vəfat xəbərini eşidəndə sözlə ifadə olunmayacaq dərəcədə sarsıldıq. O, lider, mentor və peşəkar prokuror kimi misilsiz idi və insan kimi əvəzolunmazdır.”
Cessika Aber 2009-cu ildən etibarən Şərqi Virciniya Bölgəsində köməkçi ABŞ prokuroru vəzifəsində çalışıb. 2015-2016-cı illərdə isə ABŞ Ədliyyə Nazirliyinin Cinayət Departamentində baş prokuror köməkçisinin vəkili olub.
Mədinə Cəlilova
19:40 23.03.2025
Oxunuş sayı: 1204