İstanbulda etiraz aksiyalarına qoyulan qadağa martın 27-dək uzadıldı

İstanbul Valiliyi şəhərdə kütləvi nümayiş və yürüşlərə qoyulan qadağanın martın 27-dək uzadıldığını açıqlayıb.
Crossmedia.az türk mətbuataına istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, 19-23 mart tarixlərində İstanbul ərazisində hər cür toplantı, nümayiş və mətbuat konfranslarının keçirilməsi qadağan olunmuşdu.
Lakin ictimai asayişin qorunması və mümkün qanunsuz aksiyaların qarşısının alınması məqsədilə bu məhdudiyyətlər 26 mart saat 23:59-dək uzadılıb.
Valiliyin bəyanatında vurğulanıb:
- Milli təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və cinayət xarakterli əməllərin qarşısının alınması məqsədilə açıq və qapalı məkanda mitinqlər, yürüşlər, çadır qurma, tribunaların açılması, oturaq aksiyalar, imza kampaniyaları, anma mərasimləri və təbliğat-təşviqat fəaliyyətlərinə icazə verilməyəcək.
- Şəhərə giriş-çıxış məhdudlaşdırılıb. İstanbulun rayonlarından və ya ətraf şəhərlərdən fərdi və kollektiv şəkildə qanunsuz aksiyalarda iştirak etmə ehtimalı olan şəxslərin, qrupların və nəqliyyat vasitələrinin şəhərə girişinə icazə verilməyəcək.
İstanbul Valiliyi ictimaiyyəti bu məhdudiyyətlərə əməl etməyə çağırıb.
10:27 23.03.2025
Oxunuş sayı: 2320