Putin 6 ay vaxt verdi: “Ya rus olun, ya da ölkəni tərk edin”

Rusiyada yaşayış üçün hüquqi əsasları olmayan ukraynalılar qarşıdakı 6 ay ərzində qanuni statuslarını müəyyənləşdirməsələr, ölkəni tərk etməli olacaqlar.
Dünən imzalanan prezident fərmanına əsasən, Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan Ukrayna vətəndaşlarına ya miqrasiya statuslarını qanuniləşdirməyi, ya da 10 sentyabra qədər Rusiyanı tərk etməyi əmr edib.
Crossmedia.az The Moscow Times-a istinadən xəbər verir ki, bu qərarın 2022-ci ildə Rusiya tərəfindən ilhaq edilən Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri, eləcə də 2014-cü ildə ələ keçirilən Krımdan gələn Ukrayna pasportu sahiblərinə şamil ediləcəyi gözlənilir.
Son illərdə Rusiya rəsmiləri işğal altındakı ərazilərdə yaşayan ukraynalılara Rusiya vətəndaşlığı almaq üçün təzyiq göstərir. Putin bu ayın əvvəlində hökumətin ötən il bu bölgələrdə kütləvi Rusiya pasportu paylanmasını demək olar ki, tamamilə başa çatdırdığını bildirib.
Daxili İşlər Naziri Vladimir Kolokoltsevin sözlərinə görə, Rusiya ordusunun nəzarətində olan bölgələrdə yaşayan Ukrayna vətəndaşlarına indiyə qədər 3,5 milyon Rusiya pasportu verilib.
Ukrayna hökuməti Rusiyanın bu “pasportlaşdırma” prosesini qanunsuz hesab edir və bunu ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Qərb hökumətləri və insan haqları təşkilatları bu addımı pisləyib, Avropa İttifaqı isə bu pasportları rəsmi səyahət sənədi kimi tanımadığını bəyan edib.
Putinin fərmanı keçən ay Rusiyada miqrantların deportasiyasını asanlaşdıran yeni immiqrasiya qanunlarının qüvvəyə minməsindən sonra gəlib.
Bundan əlavə, yeni fərmana görə, Rusiya 2022-ci ilin sentyabrında ilhaq etdiyi Ukrayna bölgələrinə bu tarixdən əvvəl gələn xarici vətəndaşlar 10 iyuna qədər narkotik və HIV testindən keçməlidirlər.
Mədinə Cəlilova
14:33 21.03.2025
Oxunuş sayı: 944