Ərdoğan İmamoğlunun saxlanılması və etirazlarla bağlı ilk dəfə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun saxlanılması və ölkədə baş verən etirazlarla bağlı ilk dəfə açıqlama verib. O, müxalifəti ittiham edərək, cəmiyyəti çaşdırmağa çalışmaqda günahlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ərdoğan bildirib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilində baş verən hadisələr yalnız kiçik bir qrup insanı maraqlandırır və bunu ölkənin ən böyük problemi kimi təqdim etmək riyakarlıqdır.
Məlumata görə, Ərdoğan müxalifətin korrupsiya və saxta diplom məsələlərində məhkəmə orqanlarının irəli sürdüyü ittihamlara cavab vermədiyini vurğulayıb:
"Onların nə bizə cavab verməyə vaxtı var, nə də məhkəmələrin qaldırdığı ittihamlara reaksiya verməyə. İstər diplom məsələsi, istərsə də korrupsiya və oğurluq ittihamları olsun, müxalifət heç vaxt bu iddialara cavab vermir".
Həmçinin, Ərdoğan hökumətin gördüyü işlərdən danışaraq, ölkəni həm terrorçulardan, həm də korrupsiyadan təmizlədiklərini deyib:
"Biz qətiyyətli və effektiv əməliyyatlarla torpaqlarımızı terrorçulardan təmizlədik. Eyni zamanda korrupsiyaya qarşı mübarizədə də uğurlu olduq".
O, həmçinin vurğulayıb ki, müxalifətin öz üzvləri tərəfindən məhkəmələrə təqdim olunan sənədlər korrupsiya ilə bağlı ciddi faktlar ortaya qoyur.
Sonda Ərdoğan hakimiyyət və onun müttəfiqlərinin Türkiyəni uzun illər davam edən böhrandan qurtarmaqda qərarlı olduqlarını bildirib:
"Biz hökumət və ittifaq olaraq Türkiyəni 40 illik böhranından xilas etmək üçün qətiyyət və səmimiyyətlə çalışırıq".
Fatimə Məmmədova
10:00 21.03.2025
Oxunuş sayı: 2039